Son zamanlarda Rusiya və Azərbaycan arasında müşahidə olunan gərginlik və Bakıdakı “Rus Evi”nin bağlanması fonunda Moskvanın ölkəmizdəki qüvvələrinin fəaliyyəti yenidən gündəmə gəlib.
“Qafqazinfo”nun yayımladığı məqalədə Kremlin ölkəmizdə köklü agentura şəbəkəsinin olduğunun qeyd edilməsi, həmçinin konkret şəxslərin siyahısının təqdim olunması ictimaiyyətdə rezonans doğurdu. Məqalədə adı qeyd edilən AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev, sabiq xarici işlər naziri Elmar Məmmədyarov, mərhum gənclər və idman naziri Azad Rəhimov və keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevdən başqa, bir sıra şəxslərin də proseslə əlaqəsinin olduğu iddia edilir.
Müxtəlif yüksək vəzifələrdə çalışan şəxslər – deputatlar, məmurlar, diplomatlar, QHT sədrləri və nüfuzlu media təmsilçiləri arasında da şəbəkə üzvlərinin olduğuna dair məlumatlar ictimaiyyətdə birmənalı qarşılanmır. Həmin şəxslərin ifşası tələb olunur.
Bu dəfə Rusiyanın ölkəmizdəki qüvvələrinin tamamilə ifşası və zərərsizləşdirilməsi mümkün olacaqmı?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Rusiya ilə münasibətlərin soyuqlaşması, həmçinin son zamanlar baş verənlər, bu ölkənin Azərbaycandakı agentura şəbəkəsinin ifşasını gündəmə gətirdi:
“Bu istiqamətdə bəzi şəxslərin adları çəkildi. Sadalanan insanların əvvəllər yüksək vəzifələr tutması isə xüsusi diqqət çəkir. Lakin ictimaiyyətdə daha ciddi bir gözlənti var. Yəni prosesin ardının gəlməsi, hazırda vəzifədə olan şəxslərin ifşası istənilir. Sosial şəbəkələrdə bəzi çağırışlar edilir.
Lakin tələsmək lazım deyil. Ölkə rəhbərliyi nə edəcəyini bilir. Bu, sadəcə ilkin addım idi, bir növ xəbərdarlıq kimi də başa düşmək olar. Yəni prosesin ardının gəlməsi Moskvanın atacağı addımlardan asılı olacaq. Əgər Kreml mövcud yanaşmasını davam etdirərsə, Bakının bu ölkənin agentura şəbəkəsini tam ifşa etməsi gözləniləndir”.