
Ağ Evdəki qalmaqalın təməli iki həftə əvvəl Münhen Təhlükəsizlik Konfransında qoyulmuşdu. Ağ Evdə iki ölkə prezidentinin dalaşmasına rəvac verən vitse-prezident Ceyms Vens iki həftə əvvəl təhlükəsizlik konfransında Rusiya və Çini deyil, Avropa ölkələrini hədəf seçmişdi. Bu həmin toplantıda böyük qalmaqala səbəb oldu. Bundan başqa ABŞ-ın vitse-prezidenti konfransa qatıldığı ölkənin – Almaniyanın kansleri Olaf Şoltsla görüşməkdən imtina etməklə növbəti qalmaqala imza atmışdı. Bunun əvəzinə Vens Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdü. Ağ Evdə Zelenskini aşağılamağa çalışan Vens iki həftə əvvəlki görüşün məhsuldar keçdiyini bildirmişdi. Ancaq orası da bəlliydi ki, Vens senator olduğu dövrdə ABŞ-ın Ukraynaya dəstəyinin əleyhinə idi. Demək, bu özünü hansısa rəsmi görüşdə biruzə verməliydi. Vens özünü Ağ Evdəki görüşə hazırlamışdı. Bu fiquru gələcəkdə də diqqətlə izləməliyik, ABŞ-ın yaxın tarixində vitse-prezidentlər Vens qədər fəal olmayıblar. Bu isə Donald Trampın andiçməsindən ötən cəmi 40 gün ərzində beynəlxalq aləmi özündən danışdırmağa məcbur edib. O Trampdan sonra Ağ Evdə yerləşmək istəyir. Bunun üçün hələlik Ukraynanı hədəf seçib.
Elxan Şahinoğlu - "DİA-AZ"