!["Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1738847110_0001.jpg)
“Mövzulardan biri Ermənistan və Azərbaycan sərhədində üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlıdır. Azərbaycan Avropa Mülki Monitorinq Missiyasını nəzərə alaraq üçüncü qüvvələrin sərhəd boyu yerləşdirilməsinə qadağa qoyulmasını təklif edir. Biz Azərbaycanın bu istəyini nəzərə aldıq və təklifimizi irəli sürdük ki, bu da həmin bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutur. Yəni biz müəyyən ərazini demarkasiya etmişiksə, deməli, orada kənar qüvvələr olmamalıdır. İkinci mövzu budur ki, bütün iddialara xitam verilsin. Təklifimiz odur ki, nəinki bu məhkəmə prosesləri ləğv edilsin, hətta ikitərəfli münasibətlərdə bu məsələləri gündəmə gətirilməsin. Biz təklif edirik ki, münaqişə ilə bağlı gələcək müzakirələrə son qoyulsun və yeni və təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni dövr açılsın. Bu da o deməkdir ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb”. Bu sözləri Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şuraya səfəri zamanı çıxışında bildirib.
Görünən odur ki, Ermənistan keçmişə bir xətt çəkilməsini, münasibətlərə sıfırdan başlanılmasını təklif edir. Əslində Ermənistan əmindir ki, Azərbaycanın haqqlı iddialarının qarşısında boynu bükük qalacaq...
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nikol Paşinyanın son dövrlərdə etdiyi bəyanlar və Azərbaycanın sülh şərtlərinə münasibəti məğlub olan tərəfin davranışlarından ziyadə şərtləri diktə edən tərəf xarakteri daşıyır Halbuki tarixdə belə bir presedent yoxdur ki, məğlub tərəf şərtləri diktə etsin: “Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, həll edilməli olan iki əsas məsələ var: ATƏT-in Minsk Qrupunun ləğv edilməsi və Ermənistanın Konstitusiyasına düzəliş edilməsi. Əgər bu məsələdə Ermənistan şərtlərə əməl etməzsə sülh olmayacaq və onlara sülh lazım deyilsə, bizə də lazım deyil. Paşinyan da əlavə edir ki, daha iki məsələ var: iki ölkə sərhəddindən Avro-missiya nəzarətçilərinin uzaqlaşdırılması və beynəlxalq instansiyalarda qarşılıqlı iddialara son verilərək bu məsələnin danışıqlar gündəliyindən düşürülməsi. ATƏT-in Minsk Qrupunun ləğvinə Paşinyan prinsipcə etiraz etmir, bunun qarşılığında istədikləri yeganə şey sülh təminatıdır. Beləliklə, Ermənistan bu məsələdə dəstəyi sülh müqaviləsindən öncə deyil, sonra təmin edəcəyini bildirir. Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinə öncə Paşinyan pozitiv yanaşsa da, daha sonra daxili etirazlar və Konstitusiya Məhkəməsinin bəyanatından sonra etiraz mövqeyi tutmağa başladı”.
Politoloq vurğulayıb ki, bu yaxınlarda keçirilən mətbuat konfransında da Paşinyan qeyd etdi ki, ölkə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur, sülh müqaviləsi imzalandıqdan sonra bunu Konstitusiya məhkəməsi də təsdiq edəcək: “Əgər sülh müqaviləsi Konstitusiya ilə ziddiyyət təşkil edərsə, onsuz da təsdiq oluna bilməz. Hətta Paşinyan irəli gedərək iddia etdi ki, guya Azərbaycan Konstitusiyasında da Ermənistana ərazi iddiası varmış, lakin Ermənistan bu məsələni qaldırmır.
Görünən odur ki, Ermənistan Konstitusiyasına tələb etdiyimiz düzəlişi xoşluqla etməyəcək. EUMA-nın sərhəddimizdən uzaqlaşdırılması məsələsində də Ermənistan şərt qoyur: delimitasiya olunmuş ərazilərdən Avromissiya çıxarıla bilər, beləliklə tam çıxarılma tam delimitasiyadan sonra ola bilər. Qarşılıqlı iddiaların ləğvinə gəlincə, 2020-ci ildən bəri Beynəlxalq Ədalət Məhkəməsindəki qarşılıqlı iddialar başda olmaqla müxtəlif qurumlarda (Avropa Parlamenti, Avropa Şurası, ATƏT, AŞPA) Azərbaycana qarşı, Ermənistanı dəstəkləyən qətnamə və bəyanatlar verilmiş, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti AŞPA-da dondurulmuşdur. Bütün bunlar Ermənistanın və onun havadarlarının təşəbbüsü ilə olmuşdur”
Təzminat iddiası ilə bağlı politoloq qeyd edib ki, Ermənistan 30 ildə ölkəmizin sərvətlərini talan etmiş, ağlasığmaz dağıntılar törətmiş, 1 milyon azərbaycanlını yerindən-yurdundan edərək onlara maddi və mənəvi ziyan vurmuşdur və buna görə təzminat ödənməlidir: “Hətta bu günlərdə Milli Məclis Qərbi Azərbaycanlıların təzminat iddiasını da qaldırıb. Bunun fonunda qeyd edilə bilər ki, ötən il ABŞ Konqresində Qarabağdan könüllü köç edən 120 min erməni üçün Azəbaycanın təzminat ödəməsi məsələsi qaldırılıb. Göründüyü kimi, beynəlxalq aktorlar Ermənistanın vaxtilə işğal siyasətinə nə qədər susqun yanaşmışdılarsa, indi də bir o qədər sülhü ləngitməklə, Ermənistanı silahlandırmaqla və gələcək revanş siyasəti üçün hərbi-iqtisadi baxımdan gücləndirməklə məşğuldurlar. Ermənilərin gələcək revanş siyasətinə dair ehtimalın doğruluğunu dünyanın müxtəlif ölkələrində qanunverici və icra aparatlarına sızan və təsir imkanları əldə edən ermənilərin açıq bəyanatları, o cümlədən erməni müxalifəti və diasporasının fəaliyyətləri sübut edir. Beləliklə, Paşinyanın dediyi kimi, Ermənistan məğlub olaraq suverenliyini qazandı. Əlavə edək ki, Ermənistan yalnız Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər”.
Şəhla Cəlilzadənin fikrincə, Ermənistanın hazırki siyasəti onu yenə də coğrafi dalan olaraq qalmağa sövq edəcək.
Politoloq hesab edir ki, Paşinyan nə qədər Ulu Öndərin balanslaşdırma siyasətini Ermənistan siyasətinə tətbiq etməyə çalışsa da, bu siyasət qonşusu Azərbaycanla sülh müqaviləsi olmadan nəticəsiz qalacaq: “Çünki, Azərbaycanın strateji mövqeyi və resursları var. Ermənistan bunlardan, o cümlədən dərin dövlətçilik düşüncəsindən yoxsuldur”.