![Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları…](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739293451_rusvet-memur-hebs-1.jpg)
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib. O, cəzasının azaldılmasını və üzərinə həbs qoyularaq müsadirəsinə qərar verilmiş əmlakının geri qaytarılmasını istəyir.
Həbsdəki sabiq məmurların əmlak davası etmələri ictimaiyyətdə narazılıq yaradır. Çünki sirr deyil ki, məmurların əksəriyyəti əmlaklarının 99 faizini vəzifəyə gəldikdən sonra qeyri-leqal qazancla əldə ediblər. Ona görə də müsadirə olunmuş əmlakların geri qaytarılması insanlarda qıcıq yaratmış olur.
Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, əgər onların əmlakının cinayət yolu ilə əldə edilməsi sübuta yetirilibsə və məhkəmə qərarı varsa, həmin əmlakın geri qaytarılması qeyri-qanunidir.
Onun sözlərinə görə, geri qaytarılmış əmlak ölkədə korrupsiyaya, monopoliyaya dəstək verilməsi kimi başa düşülməlidir:
“Azərbaycanda bir neçə məmur müsadirə olunmuş əmlakını geri qaytarıb. İndi də digərləri həmin üsuldan istifadə edir. Bu, korrupsiyanın leqallaşdırılması deməkdir. Yəni qeyri-qanuni yolla mülkiyyətin əldə edilməsini leqallaşdırırlar”.
Siyasətçi deyib ki, qanuna görə Azərbaycanda hər bir adam malik olduğu əmlakın deklarasiyasını təqdim etməlidir:
“Deklarasiya əmlakın hansı yolla əldə olunmasını bilmək üçün vacibdir. Ola bilər ki, vəzifədən öncə hansısa iqtisadi cinayətkarlıqla, vətəndaş əleyhinə cinayətkarlıqla və ya daha təhlükəli cinayətlərlə məşğul olub. Ona görə də araşdırma aparılmalıdır. Burada söhbət adi bir yaşayış evindən, sadə maşından getmir. Söhbət nəhəng pullardan, milyonlardan gedir. Adam var ki, qolundakı saat 10 milyon, yaşadığı ev isə 50 milyon manatdır. Milyonlarla qiyməti olan mülkiyyətin necə əldə edilməsi haqqında deklarasiyada qeyd edilməlidir axı. Hər bir adam vəsaiti haradan əldə etdiyini deməlidir”.
S.Cəlalaoğlu illər öncə bu cür saxtakarlıqların araşdırıldığını bildirib:
“Heydər Əliyev göstəriş vermişdi ki, bahalı villaların kimə məxsus olduğu yoxlanılsın. Məlum olmuşdu ki, 6-ci sinif uşağının adına 100 milyon dollarlıq əmlak var. Yəni bu cür cinayətkar yollarla əmlak əldə edirlər. Bəzi adamlar heç özləri də bilmirlər ki, onun adına əmlak mövcuddur. Elə olur ki, hansısa təqaüdçünü aldadaraq pasportunu alır, belə hərəkət edirlər. Eyni zamanda bahalı əmlakları yaxın qohumlarının adına sənədləşdirirlər. Hökumət məsələ ilə ciddi məşğul olmalıdır. Bunlar araşdırılmadığı üçün də məhkəmə cinayət yolu ilə əldə edilmiş əmlakı nəyinsə qarşılığında geri qaytarır. Baş verənlər ölkədə beynəlxalq hüququn, qanunun olmamasının əlamətidir. Faktiki olaraq bütün dünya cinayətkarlara qarşı mübarizə aparır, bizdə isə cinayətkarlar rəsmi qurumlarda təmsil olunur. Məhkəmənin əmlakı cinayətkarın özünə qaytarması cinayətə təşviq deməkdir”.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə sabiq icra başçısının satılmış və dəyəri dövlət büdcəsinə vurulmuş ziyana yönəldilməsi ilə əlaqədar məhkəmə depozitinə köçürüldüyündən iki əmlakı üzərindən həbs qərarı götürülüb. Bundan sonra sabiq başçının cəzası bir il azaldılaraq 10 il 6 ay təyin olunub.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.