![Tramp Tehranı diz çökdürməyə çalışır Tramp Tehranı diz çökdürməyə çalışır](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739288945_1728906830_tramp-hede.jpg)
Xəbər verdiyimiz kimi, ABŞ hökuməti İsrailə 7 milyard dollarlıq silah satışına icazə verib. İsrailə tədarükün 2028-ci ildən başlayacağı vurğulanıb. Qeyd edək ki, ABŞ bundan öncə İrana qarşı maksimal təzyiq siyasətinə başladığını açıqlayıb. Bu, İranın nüvə silahı əldə etməyə çox yaxınlaşması ilə əlaqələndirilib. Lakin İran nüvə silahı ilə bağlı iddiaları rədd edib. İran Prezidenti Məsud Pezeşkian son açıqlamasında ölkə doktrinasının bu cür silahların istifadəsini qəbul etmədiyini vurğulayıb.
Belə çıxır, yaxın 3 ildə ABŞ və İsrail İrana hücum etməyəcək?
Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov xatırladıb ki, Donald Trampın həm seçki kampaniyası dövründə, həm də prezident seçildikdən sonra müharibələrin dayandırılmasına dair iddialı çıxışları olmuşdu:
“O, fikirlərini praktiki şəkildə reallaşdırmaq üçün əvvəlcə ABŞ-ın və müttəfiqi İsrailin maraqlarını təmin etməyə çalışır. Tərəflər Co Baydenin dövründə Yaxın Şərqdəki qeyri-sabitliyi artıraraq, İsrailə təhdid hesab etdikləri güclərin böyük hissəsini zərərsizləşdirdilər. Buraya İranın da nəzarətində olan qruplaşmalar daxildir ki, artıq əvvəlki kimi bölgədə güclü aktorlar sayılmırlar. Məqsədlərinə çatmaq üçün Yaxın Şərqdəki ölkələri zəiflədən və dövlətlərin idarəçilərini özündən asılı vəziyyətə salan ABŞ-İsrail tandeminin növbəti hədəfi bundan sonra İran ola bilər.
Uzun illərdir, davam edən bu gərginliyin D.Trampın ikinci hakimiyyəti dövründə də müxtəlif formalarda özünü büruzə verəcəyinin anonsu artıq verildi. Belə ki, Donald Tramp İran hökumətinə “maksimum təzyiq” göstərmək, Tehranı nüvə silahına aparan bütün yollardan məhrum etmək və rejimin Yaxın Şərqdəki təsirinə qarşı çıxmaq üçün memorandum imzalayıb. Görünən odur ki, D.Trump İsrailin silah ehtiyatlarını və hərbi potensialını artırmaq səylərini daha da sürətləndirəcək, əvvəl İsrailə verilməyən hərbi vasitələri Tel-Əvivə göndərəcək. Bu da D.Trampın İsrailə qəti və sarsılmaz dəstəyinin göstəricisidir. İsrailə verilən silahların əsas məqsədi onun Yaxın Şərqdə gücləndirilməsinə və rəqiblərinin ona hücum etməkdən çəkindirməyə hədəflənib. Çünki İsrailin əsas təhdid bildiyi hədəflər ciddi şəkildə zəiflədilsə də, hələ tam sıradan çıxarılmayıb”.
Siyasi şərhçinin sözlərinə görə, problemin görünən tərəfində ABŞ-ın İranla bağlı əsas tələbi Tehranın nüvə silahı istehsalından çəkindirilməsidir:
“İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami və digər rəsmiləri “Tehran nüvə silahı əldə etmək ardınca getməyib və heç vaxt da olmayacaq” kimi bəyanatlar səsləndirmələrinə baxmayaraq, İran uranın zənginləşdirilməsini 60 faizə qədər sürətləndirib, bu da BMT-nin nüvə nəzarəti orqanının məlumatına görə, silah səviyyəli hesab edilən 90 faizlik həddir. Bu da ABŞ-İran gərginliyini daha da artıraraq, Vaşinqtonun əlinə yeni təzyiq rıçaqlarını istifadə etmək bəhanəsi verəcək. Buna görə də İranın nüvə qabiliyyətinin getdikcə yüksəlməsinə görə, ABŞ İranı bütün dünyaya ekzistensial təhlükə kimi tanıdaraq, Tehranı nüvə silahına aparan bütün yollardan məhrum etmək üçün zəmin hazırlayır.
İran da anlayır ki, hazırda ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahuya İranın nüvə obyektlərinə hücum etmək səlahiyyəti vermək ehtimalı böyük eskalasiyaya gətirib çıxara bilər, ona görə də Amerika bu versiyanı ən sonuncu vasitə kimi planda saxlayır. Buna qədər isə İran nüvə proqramı ilə bağlı geri addım atmasa, D.Tramp İrana qarşı ABŞ sanksiyalarını daha da sərtləşdirə, Tehranın Yaxın Şərqdəki bütün dayaqlarını zəiflədə və dəstəklədiyi qrupları zərərsizləşdirə bilər. Ümumilikdə isə D. Tramp İranla müzakirələrdən danışsa da, Tehranı diz çökdürmək üçün hər yola əl atır”.