
“Qızların da seçim hüququ olmalı, sevdikləri ilə ailə həyatı qurmalıdırlar. Ailə həyatı qurmaq üçün ilk addımı atmalıdırlar. Son zamanlar gənc qızlar müxtəlif tədbirlərdə, ictimai-mədəni yerlərdə oğlana üzük təklif edirlər. Əvvəl əksinə idi, indi isə qızlar daha çox bunu edirlər. Onsuz da qızımızın razılığı olmadan kimləsə evlənməsinə imkan vermirik. Bəs niyə bunu mədəni çevrədə, məişət səviyyəsində etməyək? Artıq bu, dönüş nöqtəsidir. Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər. Niyə də getməsinlər? Yaxud qız oğlanı ata-analarının yanına gətirib, onu sevdiyini, gələcək həyatını ona etibar etdiyini, ailə qurmaq istədiyini deyə bilər. Məgər valideynlərə onların uşaqlarının xoşbəxtliyi lazım deyil? Son illər qızını narkomana, pis vərdişlərin nümayəndələrinə ərə verən ailələrin bədbəxtliyini görmürsünüz? Ümumiyyətlə, ailə münasibətlərində nikaha girməyin, gələcək ailənin təməlinin də səmimiyyət, sadəlik, düzgünlük üzərində qurulmasının tərəfdarıyam. Bir qadın, qız uşağı başqa bir kişini, sevdiyi insanı gələcək həyatında görmək istəyirsə, niyə də addım atmamalıdır? Kim bu qərarı verib ki, nikah, elçilik, ailə qurmaq yalnız kişilərin işidir, yalnız oğlan addım atmalıdır? Məgər nikahın cinsi olur? Toyun, ailənin cinsi olar?”
"DİA-AZ" xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın yaradıcısı, ictimai xadim, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, ailə ikitərəfli, müstəqil insanların birgə yaşayışı üçün nəzərdə tutulmuş təsisatdırsa, onda burada qadının da rolu gözlənilməlidir: “Əlbəttə, cəmiyyətdə buna çoxları etiraz edə bilər. Təəssüf ki, sosial şəbəkədə verilişlərdə səsləndirdiyimiz fikirlərlə bağlı videoların altında öz səviyyəssizliyinə uyğun söyüş, aşağılayıcı fikirlər yazan debillərin öz qızları da sabah oğlana elçi gedəndə nə qədər peşman və absurd fikirdə olduqlarını görəcəklər. İndi hər halda təklifi etmişik. Düşünürəm, qızların sevdikləri oğlana elçi getmələri məsələsini ictimai-mədəni müzakirəyə aparmağa dəyər. Son illər baş verən hadisələrin, o cümlədən sosial məişət səviyyəsində həyatımızdakı dəyişikliklərin sanki bir qrup savadsız, mənasız, hər şeyə rişxənd edən qara kütlənin nümayəndələrinə təsiri yoxdur. Dünya tez dəyişir. Azərbaycan müstəqil olandan sonra sərhədlərini açıb. Dünyada olan ən yeni dəyişiklikləri ölkəmizdə tez zamanda görürük. Nədənsə yeni nəsil, gənclər bu yenilikləri həzm edir, amma əlindən iş gəlməyən, həyatda geridə qalan, kasıbçılığını özünün qeyrəti, namusu, şərəfi, “var-dövləti” bilən bir çox şəxs yeniliyi səsləndirən, onu həyatında əks etdirən kimisə görəndə qarğa-quzğun kimi üstünə düşürlər. Öz zəhərlərini, tikanlı sözlərini həmin şəxsə ünvanlayırlar. Müxtəlif telekanallarda sosial məsələlərlə bağlı yaratmış olduğumuz ekspertlərdən ibarət qrup bir çox istinadlarla bağlı fikirlərini söyləyir. Sonuncu fikirlərimdən biri bu oldu ki, oğlanlarla yanaşı qızların da gələcək ailələrini seçmək haqqıdır, bu seçimi reallaşdırmaq üçün valideynlərini sevdikləri oğlanın evinə elçi göndərmələri normaldır. Ola bilər, cəmiyyətin böyük bir hissəsi bunu qəbul etməsin, amma real həyatda artıq bunu görürük. Son 30 ildə abort nəticəsində tələf edilən qız uşaqlarına görə oğlanlar böyük demoqrafik – evlilik problemi yaşayırlar. İl olub ki, Azərbaycanda 100 qız uşağı, 130 oğlan uşağı dünyaya gəlib. İndi həmin 30 oğlanın evlənmək üçün özünə tay tapa bilməmələri artıq problem yaradır. Bu da qızların şansını daha da çoxaldıb. Valideynlər də övladlarının xoşbəxtliyini istəyirlər. Hətta var-dövlətini notariusda övladları arasında tam bölən valideynlərin sayı get-gedə çoxalır. Düzdür, bunun müsbət və mənfi tərəfləri də var. Son illər ali məktəblərə qəbul olan qızlarımızın sayı oğlanların sayından 4 dəfə artıqdır. Müsbət tərəfi isə budur ki, insana fərq qoymadan inklüziv cəmiyyət yaradırıq. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qərarlarından biri də qadın-kişi bərabərliyi idi. İllər keçdi, indiyə qədər o bərabərliyi təmin edən islahatlar apardıq. Konstitusiyada da aydın qeyd olunub. Nəyə görəsə, ailə həyatımızda buna getmək istəmirik. Nə qədər ki, Azərbaycanda “oğluma qız alıram” düşüncəsi var, bir o qədər qızlar alt qatda inqilab edəcəklər. Onlar kişilərin bütün hüquqlarını əllərindən almağa çalışacaqlar. Necə ki artıq bunu görürük. Bərabərhüquqlu söz, fikir və düşüncə olmadığına görə artıq böyük sahələrimiz qadınların əlindədir. Onlar da yavaş-yavaş kişilərin üzərində hökmranlıq etməyə başlayırlar. Qulların inqilabı Spartadan, Babək hərəkatından bu yana həmişə böyük təlatümlərə aparıb çıxarıb. Qızlarla qulları eyniləşdirmək istəmirəm, amma qadınları, qızları kölə görmək istəyən kişilər gözləməli idilər ki, Azərbaycanda sakit inqilab baş versin. Bunun nəticəsi isə yaxşı olmayacaqdı. Təhsil, mədəniyyət, səhiyyə, kütləvi informasiya vasitələri, iqtisadiyyatın müxtəlif sahələri artıq xanımlarımızın əlindədir. Yaxşıdır, ya pisdir, bunu artıq yaxın gələcək göstərəcək”.