![59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır 59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739455021_0001.jpg)
Bir qrup Azərbaycan vətəndaşı Türkiyə ilə sərhəddə ilişib qalıb. 10-u şəhid valideyni olmaqla, 59 nəfər Iğdırla Naxçıvan MR-in Sədərək rayonu arasında yerləşən sərhəd-keçid məntəqəsindən Azərbaycana buraxılmır.
Yenisabah.az xəbər verir ki, əksəri qadın olan qrup İranın Məşhəd şəhərinə ziyarət məqsədi ilə yollanıb. Ziyarətdən qayıdan vətəndaşlarımız 3 gündən çoxdur ki, Iğdırda keçid izni gözləməkdədir.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”ın məsələyə dair müraciətinə cavab olaraq bildirilib ki, sözügedən vəziyyət DGK-nın səlahiyyətlərinə aid deyil.
Dövlət Sərhəd Xidmətindən isə sorğumuza cavab olaraq qeyd edilib ki, DSX-ın dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir.
Mövzuya dair Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov müraciətimizi cavablandıracağını desə də, sonrakı zənglərimiz cavabsız qalıb.