“ABŞ-də 1961-ci ildə qurulan USAID-in ləğvindən söhbət gedə bilməz”.
Bunu TNS-ə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
Q qeyd edib ki, bu təşkilat qanun əsasında fəaliyyət göstərir və onu ləğv etmək ABŞ Konqresinin səlahiyyətinə aid ola bilər: "USAID ABŞ Konqresinin qəbul etdiyi xarici yardım haqqında akta əsasən yaradılıb. Onun illik büdcəsi ABŞ-nin federal büdcəsinin bir faizini təşkil edir. Nəzərə alsaq ki, bu il 7 trilyona yaxın ABŞ dövlət büdcəsi olub, bu da 70 milyard pul edir. Hər halda onun illik xərcləri 40-50 milyard dollar arasında dəyişir. Həmin vəsait dünyanın ən az 150 ölkəsinin dövlət büdcəsindən çoxdur. Bu, nəhəng bir qurumdur və yüzdən artıq ölkədə fəaliyyət göstərir. ABŞ qanunvericilik sistemində xarici yardımlar haqqında akta əsasən belə bir qurum olmalıdır. Digər tərəfdən, bu təşkilatla bağlı son illər çox çirkli proseslər baş verirdi. USAID-in humanitar yardım adı altında üçüncü ölkələrdə inqilablar, fəlakətlər törədilib, qarşıdurmalar yaradılıb, hakimiyyətlər dəyişdirilib. Son dövrlərdə isə ora bir rəhbər təyin olunmuşdu (Samanta Pauer-red). O, USAID-in vəsaitlərini şəxsi məqsədləri üçün xərcləyirdi. Məsələn, Ermənistan lobbisinə sıx bağlı idi və Ermənistana USAID-nin yardımlarını 120 milyondan bu il 250 milyona qaldırmışdı. Ukraynaya müxtəlif dövlət və qeyri-hökumət təşkilatları xətti ilə 288 milyon yardım edilmişdi. Onun maliyyələşdirdiyi bədnam təşkilatlar var idi".
Ekspertin sözlərinə görə, ABŞ bu təşkilatdan imtina etsə, onun dünyada nüfuzuna çox ciddi zərbə dəyər: "Hazırda onun fəaliyyəti dondurulub. qurumun vəzifəsi ABŞ dövlət katibinin üzərinə qoyulub. O da öz nümayəndəsini ora təyin edib. Yəqin ki, orada söhbət təşkilatın tamamilə ləğvindən getmir. Ola bilsin ki, fəaliyyət istiqamətlərinin qismən və yaxud əsaslı dəyişdirilməsindən söhbət gedir. Bundan başqa, idarəetmə forması və ya adı da dəyişə bilər. Amma özü bir qurum olaraq yəqin ki, fəaliyyətini davam etdirəcək. Təşkilata yəqin ki, Prezident Donald Tramp daha çox respublikaçıları cəlb edəcək. Respublikaçılar gedəndən sonra demokratlar nə vaxt qayıtsalar, yenidən öz qaydalarını tətbiq etməyə çalışacaqlar. Beləliklə, biz USAID-in ləğvindən yox, hazırda orada baş verən korrupsiya və digər cinayətlərin araşdırılması üçün işlərin aparılmasından danışmalıyıq".