
Məlumdur ki, bu il İkinci Qarabağ müharibəsinin bitməsinin 5-ci ilidir. Lakin hələ də Ermənistanla Azərbaycan arasında dövlət sərhədləri tam şəkildə müəyyənləşdirilməyib. Eyni zamanda da Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanmayıb. Ümumiyyətlə hazırkı siyasi prosesləri nəzərə alsaq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması nə zaman reallaşacaq? 2025-ci il ərzində sülh müqaviləsi nə dərəcədə mümkün görünür?
Mövzu ilə bağlı siyasi şərhçi Saila Salahova Referans.az- a açıqlamasında bildirib ki, məntiqlə Ermənistan 44 günlük Vətən müharibəsində uğradığı ağır məğlubiyyətdən sonra sülh müqaviləsi bağlamalı idi. Ona görə ki, uzun illər ərzində apardığı işğalçı siyasət ucbatından dalan dövlətinə çevrilmiş, bölgənin iqtisadi cəhətdən ən geridə qalan ölkəsi durumuna düşüb. Belə vəziyyətdən çıxmaq üçün Azərbaycana qarşı olan əsassız iddiasından əl çəkib sülhlə bağlı qərar verməliydi.
Siyasi şərhçi bir daha vurğulayıb ki, Ermənistan sülh müqaviləsini imzalamaq istəmir. Səbəb nədir? Birincisi, məsələnin kökü qonşu ölkənin özündə baş verən daxili proseslərlə bağlıdır. Belə ki, orada mövcud olan revanşist qüvvələr barışıq istəmir. Əksinə, sərsəm ideologiyadan zəhərlənən erməni siyasətçiləri "qədim, tarixi torpaqları azad etmək" fikrinə düşüblər.
İkinci səbəb sovetlər birliyi dağılandan bu günədək qonşu ölkənin müstəqil ölkə kimi formalaşa bilməməsidir. Tarixi Azərbaycan torpağında süni şəkildə yaradılan, heç bir dövlətçilik ənənəsi olmayan Ermənistan istər regionda, istərsə də dünya siyasətində yerini müəyyənləşdirə bilmir. Gah Rusiyaya, gah da Qərbə köklənən bu ölkənin sabit, milli mənafeyə uyğun xarici siyasəti yoxdur, göründüyü kimi, onun mütləq bir hamisi olmalıdır. Ermənistanın uzaq görməyən siyasəti həmişə başına bəla olub.
Saila Salahova onu da qeyd etdi ki, hazırda Ermənistanla Rusiya arasında baş verən proseslər də bununla bağlıdır. Uzun illər şimal qonşumuzdan eninə-boluna istifadə edən Hayastan indi də ona qarşı çıxır. Rusiyanın qəzəbinin qonşu ölkədə hansı təlatümlərə səbəb olacağını isə zaman göstərəcək.
Paşinyan noyabrın 16-da parlamentdəki çıxışında "Ermənistan xaricdə işlənib hazırlanmış və nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün tramplin və plasdarm deyil" fikrini səsləndirib. O bunu desə də, 44 günlük Vətən müharibəsindən sonra həyata keçirdiyi siyasətdən görünür ki, N.Paşinyan müstəqil qərar verə biləcək siyasətçi deyil. Sülh müqaviləsinin bu günə qədər bağlanmamasının əsas səbəblərdən biri də budur. Ona desələr sənədi imzala, imzalayacaq, imzalama desələr, sonsuza qədər bəhanələr uyduracaq.
"İndi də Qarabağdan könüllü köçən ermənilərin haqq və hüquqlarını müdafiə etmək adı altında Azərbaycana soxulmağa çalışırlar. Ancaq onlar Prezident İlham Əliyevin qəti müqavimətinə rast gəliblər, bu istəklərinə nail ola bilmirlər. Üstəlik, dövlətimizin başçısının dediyi kimi, Azərbaycanın XXI əsrin ən döyüşkən ordusu var. Xalq-dövlət birliyi də Qərbin bəd əməlləri qarşısında duran ən böyük sipərdir. Onların nə deməsinin isə bizim üçün heç bir əhəmiyyəti yoxdur",- deyə əlavə edib.