Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə, “Rus evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına özünəməxsus şəkildə cavab verməyə başlayıb.
Hər hansı bir keçmiş sovet respublikasına qarşı siyasət yürüdərkən Rusiya tərəfi ənənəvi olaraq onun diasporuna təzyiqlərin olacağı ilə təhdid edir. Bu dəfə də eyni oldu. Şimal qonşumuz özünün ağır artilleriyasını işə salmaq qərarına gəlib. Məsələyə bu ölkənin hakim “Yedinaya Rossiya” partiyası cəlb edilib. Bu partiyanın Dövlət Dumasında təmsil olunan nümayəndələri də illərdir sınaqdan çıxmış “tədbirlərin” görülməsini təklif ediblər.
Belə ki, deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. Bundan ürəyi soyumayan "Velikorus şovinizmi"nin parlaq nümayəndəsi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırıb.
Politoloq Elçin Alıoğlu "Sherg.az"a deyib ki, öz əxlaqi mənəviyyatı, ən başlıcası intellekti səviyyəsində açıqlama verən rus deputatı Nikolay Valuyevin Azərbaycana ünvanlanan fikirlərinə təəccüblənmir:
"Nikolay Valuyevə məsləhət görürəm ki, sözlərinə bir az diqqət etsin. Çünki o, danışmağı bacarmır. Yaxşı olardı ki, rus deputatının çıxışını öncədən yazsınlar, bir neçə dəfə oxuyub elə danışsın. Azərbaycanlıların əleyhinə istifadə etdiyi "şobla-vobla" jarqonuna gəldikdə isə, onun kiçiyi də, böyüyü də, Valuyevin özüdür. Üstəlik, Rusiya hakimiyyət dairələri, o cümlədən Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var. Digər tərəfdən Rəsmi Moskva AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı üzr istəməyəcək. Çünki Kreml bunu etsə, Ukrayna, Malaziya, bir çox hüquqi və fiziki şəxslərdən də üzr istəməli olacaq. Rusiyanın azərbaycanlı miqrantlara təzyiqlər göstərməsi ilk dəfə deyil. 1990-cı illərdən bəri Rusiyada olan azərbaycanlı vətəndaşlar və həmvətənlərimizə qarşı dəfələrlə bu cür təxribatlar aparılıb. Məqsəd rəsmi Bakının gözünü qorxutmaq, təşvişə salmaq və sıxışdırmaqdır. Lakin Kreml yanılır. Azərbaycan tərəfi bir, iki, hətta üç dəfə dözdü, amma dördüncüdə artıq "səbr-kəsası" dolur. Azərbaycan hökumətinin iki ölkə arasındakı münasibətlərin qəti aleyhinədir. Rəsmi Bakı rəsmi Moskva ilə əlaqələrin yüksələn xətt üzrə inkişafında maraqlıdır. Həm iqtisadi, siyasi, maliyyə, hərbi texniki sahələrdə əməkdaşlığı möhkəmləndirmək niyyətindəyik".
Politoloq əlavə edib ki, Rusiya yaxşı olardı ki, neoimperiya, neoşovinist təmayüllü istək və planlarından əl çəksin:
"Həmçinin Azərbaycanla yuxarıdan aşağı yox, üzbəüz danışmağın daha məntiqli, realist və praqmatik seçim olduğunu anlasın. Bu cür açıqlamalar Kremlin özünə ziyandır. Çünki nəticədə Rusiyanın "qazanacağı" Cənubi Qafqazda ən ciddi strateji-iqtisadi və digər sahələrdə mövqelərə malik bir ölkənin rəğbətini itirməsi olacaq. Son illərdə Rusiyanın Azərbaycanda və cəmiyyətdə mövqelərinin zəifləməyə doğru getdiyini nəzərə alsaq, hazırkı davranışları heç də xoşagələn deyil. Kremlin hakimiyyətini müəyyənləşdirən şəxslərə, analitiklərə sadəcə təəssüf edirəm ki, onlar Azərbaycanla təmaslarda belə lüğət formatı seçirlər. Ümumiyyətlə bizim üçün müəyyən əngəllər ola bilər, amma biz bunu dəf edəcəyik. Lakin Rusiya isə çətinliklərin sayını dəfələrlə artıracaq və bunun altından çıxa bilməyəcək".