![Moskva bəyannaməsinə yenidən baxıla bilər Moskva bəyannaməsinə yenidən baxıla bilər](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739247670_35f77613-578e-3ee1-b1ba-a7327d622e23_850.jpg)
AZAL təyyarəsinin raketlə vurulmasına görə məsuliyyəti öz üzərinə götürmək, o sırada cinayəti törədənləri həbsə almaq istəməyən, Bakının haqlı tələblərindən yayınan Rusiyada anti-Azərbaycan kampaniyası səngimir. Bu yöndə xüsusilə də Kremlə yaxın bir sıra KİV-lər, ictimai-siyasi xadimlər canfəşanlıq edir, ölkəmizin ünvanına hətta hədyanlar səsləndirirlər.
Sanki Rusiya ölkəmizə qarşı “vabank” getmək qərarı verib. Yəni söhbət bütün körpülərin yandırılmasından gedir. “Rusiyalı deputatların "azərbaycanlıları Rusiyadan qovmaq lazımdır" cümləsindən tutmuş “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” cümləsinə qədər ağızlarına gələni danışırlar". “Yeni Müsavat” bildirir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, onlar Rusiyadakı azərbaycanlı bizmesmenləri də hədəf göstərir, Araz Ağalarov və Qod Nisanov kimi tanınmış iş adamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər: “Halbuki Rusiyadakı azərbaycanlı iş adamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər”.
E.Şahinoğlunun sözlərinə görə, bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil: “Bütün bunlar ona görə baş verir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir”. Bu qəbil çağırışlar ikitərəfli münasibətləri geridönməz şəkildə zədələyə bilərmi? “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev hesab edir ki, belə getsə, Moskva bəyannaməsinə (fevral, 2022) yenidən baxılacağı istisna deyil. Mümkündürmü? Bakının bu xüsusda “B” planı varmı, nədir?
Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya deputatlar da daxil olmaqla, media və ictimai xadimlər səviyyəsində düşmən mövqedən çıxış edir: “Amma düşünmürəm ki, strateji müttəfiqlik bəyannaməsinə yenidən baxılsın. Çünki qonşu ölkələrik, Rusiyanın Azərbaycana iqtisadi və logistika cəhətdən ehtiyacı var. Sadəcə, bu toplumda şovinizm mövcuddur və heç cürə həzm edə bilmirlər ki, Azərbaycan belə tələblər irəli sürə bilir. Bu şərtlər isə ədalət və hüquq baxımdan əsaslıdır”. Deputatın fikrincə, Rusiya ictimaiyyəti hesab edir ki, kiçik bir ölkə hegemon Rusiyaya necə meydan oxuya bilər: “Amma nə Rusiya əvvəlkidir, nə Azərbaycan... Üstəlik, tələblərimiz beynəlxalq hüquqa söykənir. Bütövlükdə bu gərginliyin 22 fevral deklorasiyasının müzakirəsinə gətirib çıxaracağını gözləmirəm”.
Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Rusiya Moskva bəyannaməsini özü pozdu: “Rusiya Azərbaycanın Türkiyə ilə regionda qurduğu siyasi konfiqurasiyanı hədəf alıb. Məhz Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının müsbət istiqamətdə irəliləyişi və Zəngəzur dəhlizinin açılması istiqamətində müsbət proseslər Kremli ciddi şəkildə narahat edir. Rusiya hakimiyyətinin müxtəlif istiqamətlərdə Azərbaycanı hədəf almaqla, regionda yaranan siyasi nizamı öz xeyrinə dəyişə bilməsi mümkün deyil. Rusiyanın AZAL təyyarəsinin vurması da məhz Azərbaycana ciddi təzyiq vasitəsi idi". Partiya rəsmisi vurğuladı ki, Cənubi Qafqazda siyasi nizam dəyişib və Moskva regional siyasətində strateji səhvlər edir: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra Rusiya hərbi bazasını bu ölkədə itirəcək. Rusiya regiondan tamamilə getmək narahatlığını yaşayır. Azərbaycanla ikitərəfli münasibətlərin normallaşması mümkündur. Amma əvvəlki kimi olmayacaq. Rusiya Azərbaycanla Ermənistan arasında danışıqlardan tam kənarlaşdırılıb. Proseslər Moskva üçün gözlənilməz bir prosesə daxil olub”.
Siyasi ekspert Ramiyə Məmmədova isə Moskva bəyannaməsinə yenidən baxılmasını istisna etmədi. Onun sözlərinə görə, Rusiyanın davranışları qətiyyən müttəfiqliyin ruhuna adekvat deyil: “Əslində imzalanan bəyannamədir. Azərbaycan da öhdəliklərinə sadiqdir. Amma Rusiyaya gəldikdə, özünü qeyri-səmimi aparır. Məşhur deyim var - Rusiya ilə imzalanan sənəd suya yazılmış mürəkkəb kimidir. Ona görə də şimal qonşudan heç zaman etibarlı dostluq gözləməyə dəyməz. Ancaq hesab etmirəm ki, həmin müqavilə ləğv edilsin. Sadəcə, Rusiyanın yadına salmaq lazımdır ki, əsl müttəfiq necə olur - Türkiyə, Pakistan kimi...”
Təhlilçi dedi ki, gərginliyin bir qədər də artacağını mümkün sayır: “Rusiya özü buna səbəb olur. Bizim iki tələbimizi yerinə yetirmək əvəzinə, gah Zatulin, gah digər deputatları üstümüzə salırlar, qəzetləri ağzına gələni yazır, "Rosaviasiya" təyyarənin Aktauya uçmaq qərarını pilotun üzərinə qoyur, yəni öz cinayətini boynuna almaq istəmir. Burada Azərbaycanın Türkiyə ilə hərtərəfli əməkdaşlığı, Ukrayna, Suriya kimi ölkələrə humanitar yardımı, Zəngəzur faktoru da görünür. Amma Rusiyanın müştəbehliyi, özündənrazılığı xüsusi deyilməlidir. Moskvaya elə gəlir ki, böyük dövlət kiçik dövlətin tələblərini icra etməməlidir. Bütün bu soyuqluq və hibrid qarşıdurma Kremlin təlimatlarından irəli gəlir. Orada heç bir qəzet və ya deputat icazəsiz belə danışa, yaza bilməz.
Xatırladaq ki, Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri Rövşən Məmmədovun müəllifi olduğu “Həftə” analitik-informasiya proqramının fevralın 9-da efirə gedən buraxılışında Moskva ciddi tənqid olunub. Bildirilib ki, rəsmi Bakı Azərbaycana qarşı şərh, böhtan, təhqir və hədə kampaniyasının birbaşa Kremldən idarə olunduğunu çox gözəl bilir. Verilişdə “Azərbaycan Hava Yolları”na məxsus “Embraer-190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan araşdırmaya dair ilkin hesabata toxunulub. Dövlət televiziyasının efirindən elan olunub ki, Azərbaycan tərəfinin günahkarları cəzalandırmaq, şəffaflıq və insani davranış tələb etmək üçün tam haqqı var. "Lakin görünən odur ki, Rusiya tərəfi üzərinə düşən məsuliyyəti dərk etmək əvəzinə gah medianın dili ilə Azərbaycanı hədələyir, gah səfirimizi Xarici İşlər Nazirliyinə çağırır, gah öz ərazisində yaşayan azərbaycanlıları ən müxtəlif yollarla incidir və onların fəaliyyətinə qadağalar qoyur... Necə deyərlər, bir qədər gərginlik yaranan kimi ənənəvi metodlar işə salınır. Olsun... Amma onu da unutmayın ki, hər addımın iki başı olur. Rusiya hansı addımlar atacaqsa, Azərbaycanın da cavabı adekvat olacaq. Necə ki, Rusiya səfəri də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı, Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən “Rus evi”nin fəaliyyətinə xitam verildi və bu barədə də Rusiya tərəfinə nota göndərildi. Davamı nə olacaq? Bunu Kremldə düşünsələr daha yaxşı olar. Lakin görürük ki, düşünmək əvəzinə şimal qonşumuz Valuyev kimi antropoloji quruluşu müəyyən suallar doğuran adamlarını işə salıb ünvanımıza təhqirlər yağdırır",- AzTV sədri vurğulayıb.