![Günahın etirafı: cinayətə qarşı sükut... Günahın etirafı: cinayətə qarşı sükut...](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739217925_unnamed-2025-02-10t140653.836.jpg)
Azərbaycan təyyarəsi Rusiya səması üzərində vurulanda, çoxları Moskvadan operativ və şəffaf reaksiya gözləyirdi. Bakının olduqca sərt tələblərinə cavab olaraq, açıq-aşkar vəziyyəti yumşaltmaq və vaxt qazanmaq cəhdi olan ehtiyatlı, qeyri-müəyyən cavab bəyanatları verildi. Lakin işin əslində nə yerə olduğu tərkibinə təkcə qazaxıstanlı ekspertlərin deyil, həm də Rusiya və Azərbaycan nümayəndələrinin daxil olduğu komissiyanın rəsmi rəyi dərc edildikdən sonra aydınlaşmalı idi.
Və nəhayət, ilkin rəy dərc olundu. Faktlar özü hər şeyi göstərir: məsuliyyət həm Rusiya hərbçilərinin, həm də aviasiya dispetçerinin üzərinə düşür. Yəni, hər şey onu göstərir ki, Rusiya rəhbərliyi açıq-aşkar səhvləri etiraf etməli və vəziyyəti düzəltməyə cəhd etməlidir! Və bu, onların üzərinə götürməli olduğu minimum məsuliyyətdir. Lakin bunun əvəzinə - sükut yolu seçildi. Nə üzr, nə kompensasiya, nə də sadəcə günahın etirafı...
Rusiya tərəfi, öz məsuliyyətini etiraf etməkdən yayınmaq üçün formal bəhanə kimi yekun hesabatın olmamasını istifadə edir. Üstəlik, “ədaləti bərpa etmək” üçün (?) beynəlxalq məhkəmə instansiyalarına müraciət etməyə hazırlaşdığı barədə məlumatlar KİV-ə sızdırılır. Rusiya, çoxsaylı sübutlara baxmayaraq, 2014-cü ildə vurduğu Malayziya təyyarəsi ilə bağlı olduğu kimi, məsuliyyətdən yayınmağa çalışır. Moskva Malayziya təyyarəsinin vurulmasında hələ də öz günahını etiraf etməyib...
Bəli, bu sükut hər hansı istənilən ifadədən daha yüksək səslənir. Bu, təkcə öz hərəkətlərinə görə cavab vermək istəyinin olmadığını deyil, həm də beynəlxalq normalara və insani mənəviyyata etinasızlığı nümayiş etdirir. Məgər, özünə hörmət edən dövlət belə davranarmı? Məgər, onlar üçün uyğun olmayan hesabatıla bağlı susaraq, heç nə olmamış kimi faciənin üstündən keçərmi? Yoxsa bu şüurlu taktikadır - hadisənin yaddaşdan silinməsini gözləmək, sanki heç nə olmamış kimi davranmaq?
Bu cür davranış təkcə hiddət deyil, həm də haqlı qəzəb doğurur. Azərbaycan, ona qarşı bu cür davranıla bilinəcək ölkə deyil. Həqiqət üzə çıxdı və həqiqəti susdurmağa cəhdlər təkcə zəiflik əlaməti deyil, həm də nəticələrdən qorxmağın əlamətidir.
Bəs, hər şeyin bununla bitdiyini hesab etmək olarmı? Yoxsa cinayətə qarşı sükut - hələ cavab verməli olduğumuz bir çağırışdır? Azərbaycanın bu məsələni ört-basdır etmək imkanı yoxdur. O, axıra qədər getməlidir, çünki söhbət təkcə ədalətdən deyil, həm də regionda təhlükəsizliyin formalaşdırıldığı prinsiplərdən gedir. Cavab təkcə diplomatik təzyiq deyil, həm də beynəlxalq istintaqın başlanması, məhkəmə iddiaları, habelə ikitərəfli sazişlərə, xüsusən də hərbi əməkdaşlıq sahəsində sazişlərə yenidən baxılması ola bilər.
Rusiya hələ də vəziyyəti düzəldə bilər. O, təkcə öz məsuliyyətini etiraf etməli deyil, həm Azərbaycan dövlətinə, həm də Qazaxıstan, Qırğızıstan və elə Rusiyanın öz vətəndaşları da daxil olmaqla bütün zərərçəkənlərə dəymiş ziyanı ödəməlidir. Əks təqdirdə bu sükut təkcə məsuliyyətdən imtina deyil, həm də belə faciələrin təkrarlana biləcəyi və bir çox ölkənin gözündə Moskvanın onsuz da yüksək olmayan imicini daha da sarsıda biləcəyi siqnala çevriləcək...
Vaxtilə Rusiyanın keçmiş baş naziri Viktor Çernomırdinin dediyi kimi: “Hələ simanı saxlamağa vaxt var. Sonra bədənin digər hissələrini saxlamaq lazım gələcək...”
Fuad Rəsulov - pressklub.az