
kraynada müharibənin dayandırılması ətrafında yaşanan kəskin qarşıdurmada bütün tərəflərin bir məsələ üzərindən səssiz keçdiyi diqqət çəkir: ərazi bütövlüyünün təmin edilməsi!
Rusiya ilə danışıqlar masasına əyləşən ABŞ-ın mövqeyi artıq bəllidir, Vaşinqton Ukraynanın “ərazi güzəştləri”ni qaçılmaz hesab edir. Ağ Ev davasından sonra Tramp Administrasiyası yanaşmasını daha da sərtləşdirib. Bu vəziyyətə Ukrayna üçün xilaskar rolunda çıxış edən/etməyə çalışan Avropanın da hədəfi aydınlaşır: danışıqlar prosesində iştirak etmək və Ukrayna üzərindən formalaşan geosiyasi razılaşmalarda pay əldə etmək;
London sammitində çıxan qərar da bu kontekstədir. Britaniyanın baş naziri Starmer sammitdə razılaşdırılan 4 bəndi açıqlayıb:
1. Ukraynaya hərbi yardımı və Rusiyaya qarşı iqtisadi təzyiqi artımağa davam etmək;
2. Ukrayna istənilən sülh danışıqlarında iştirak etməli, davamlı sülh Ukraynanın suverenliyi və təhlükəsizliyini təmin etməlidir;
3. Sülh razılaşması əldə edildiyi halda gələcək işğalın qarşısını almaq üçün Ukraynanın müdafiə qabiliyyətini artırmaq;
4. Ukraynada sövdələşməni müdafiə etmək və bundan sonra sülhü təmin etmək üçün koalisiyanı inkişaf etdirmək;
Starmer də bəyan edir ki, “biz (Avropa) davamlı sülhün təcili zərurəti ilə bağlı məsələdə Trampla razıyıq, bunun üçün birlikdə iştirak etməliyik”.
Avropa müharibənin dayandırılması reallığını qəbul edir, çünki ABŞ olmadan davam etməyin çətinliyini anlayırlar. Lakin avropalıların da hədəfi son nəticədə danışıqlar prosesindən (geosiyasi razılaşmalardan) kənarda qalmamaq və maraqlarının təmin edilməsidir. Avropanın ABŞ-dan fərqi danışıqlar prosesində Ukraynanın da mövqeyinin nəzərə alınması və post-sülh dövründə təhlükəsizliyinin təmin edilməsi yanaşmasıdır. Bu yanaşmanın qəbul edilməsi üçün yenidən Vaşinqtona üz tutmaları nəticə əldə edə biləcəklərini sual altına salır.
Lakin heç bir tərəf Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi üzərində dayanmır, hətta təhlükəsizlik təminatı tələb edən rəsmi Kiyev də. Zelenski ərazi güzəştinin olmayacağını dilə gətirsə də, ABŞ-dan istədikləri təhlükəsizlik zəmanətinin qarşılığının bu olduğunu anlayır. Ağ Evdə danışıqlar baş tutmayandan sonra Avropaya üzr tutmasının səbəbi də prosesdən maksimim az itki ilə çıxmaq və təhlükəsizlik zəmanətinə nail olmaqdır.
Bu kontekstdə Rusiyanın ələ keçirdiyi etdiyi ərazilər üzərində nəzarətinin tanınacağı gözləntisi güclənir.
Asif Nərimanlı - "DİA-AZ"