
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsinə görə cərimələr müəyyənləşir. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir.
İstehsalat dedikdə – fiziki şəxsin işləri, xidmətləri haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri nəzərdə tutulur.
İstehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.
Hansı dəyişikliklər təklif edilir?
Hazırda təklif edilən dəyişikliyə əsasən, hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına görə vəzifəli şəxslər 1500 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcəklər. Şəxs həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir.
Digər tərəfdən, istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktını gizlətməyə və akt tərtib edilməməsinə görə cərimələr artırılır. Belə ki, qanun layihəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün müvafiq orqana məlumatın verilməməsinə görə 1000 manatdan 2200 manatadək məbləğdə cərimə tətbiq ediləcək.
Həmçinin bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə 1500 manatdan 2200 manatadək cərimə tətbiq ediləcək.
Qeyd edək ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən müvafiq orqana bu barədə məlumatın verilməməsinə görə 1000 manatdan 1500 manatadək cərimə tətbiq edilir. Həmçinin bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə 1500 manatdan 2000 manatadək cərimə tətbiq olunur.
Qanunda nə deyir?
Xatırladaq ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi – icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır.
Sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır.
Mövcud İnzibati Xətalar Məcəlləsinə əsasən, sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.
"İş vaxtı işçinin başına bədbəxt hadisə gələrsə, ona sığorta ödənişi edilir"
Sığorta üzrə ekspert Əli Bayramov Sputnik Azərbaycan-a deyib ki, ölkədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta uzun müddətdir var: "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun qüvvədədir. İş vaxtı işçinin başına bədbəxt hadisə gələrsə, ona sığorta ödənişi edilir. Sığorta haqqı peşəyə uyğun hesablanır, yəni daha riskli peşə sahibi daha çox sığorta haqqı ödəyir. Daha az riskli peşə sahibi isə daha az sığorta haqqı ödəyir".
"Burada eyni zamanda işçilərin maarifləndirilməsi həyata keçirilməli, vətəndaş öz hüquqlarını bilməlidir. Vətəndaş əmək müqaviləsi ilə işləyirsə, mütləq sığorta olunmalıdır. İl ərzində görün nə qədər vətəndaş iş yerində xəsarət alır. Əgər vətəndaş iş yerində ölürsə, sığorta ödənişini onun hüquqi vərəsəsi alır", - deyə ekspert bildirib.