![Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739212200_173919556138299668367aa04a9805bf.png)
Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” agentliyində geniş məqalə dərc edib.
“Cebheinfo.az” xəbər verir ki, Paşinyan Ermənistanın Azərbaycana hərbi hücuma hazırlaşdığına dair ittihamları təkzib edərək regionda davamlı sülhün bərqərar olması üçün geniş proqram təqdim edib.
Nikol Paşinyan Ermənistanın 6 oktyabr 2022-ci il tarixli Praqa razılaşmasına mütləq sadiqliyini vurğulayıb. O bildirib ki, həmin sənədlə Almatı Bəyannaməsinə əsasən, hər iki ölkə keçmiş sovet respublikalarının sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü tanıyır.
Məqalədə Ermənistanın hazırda Azərbaycanın nəzarətində olan 200 kvadrat kilometrə yaxın suveren ərazisi məsələsinə xüsusi diqqət yetirilir. Baş nazir İrəvanın mövqeyini açıq şəkildə belə ifadə edib:
"Bu ərazilər Ermənistanın beynəlxalq səviyyədə tanınan 29 743 kvadrat kilometr ərazisinin tərkib hissəsidir. Lakin onların qaytarılmasının hərbi yolla deyil, yalnız sərhədlərin delimitasiyası prosesi çərçivəsində həyata keçirilməsi planlaşdırılır".
Silahlı qüvvələrin modernləşdirilməsi proqramına toxunan Paşinyan xüsusilə qeyd edib ki, Ermənistan ordusu sırf ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisini qorumaq üçün islahatlar aparır və beynəlxalq sülhməramlı missiyalarda iştirak istisna olmaqla, onun hüdudlarından kənarda istifadə edilməyəcək. Eyni zamanda, hökumət başçısı Ermənistanın təhlükəsizliyinə Azərbaycandan qaynaqlanan real təhdidlərdən danışıb. O, Ermənistanın suveren ərazisinin 60 faizə yaxınının “Ermənistan Respublikasının nəzarəti altında olan ərazilər” adlandırıldığı Qərbi Azərbaycan anlayışını təhlükə kimi qiymətləndirib.
Gərginliyin azaldılması istiqamətində konkret addımlar kimi Baş nazir artıq Azərbaycan tərəfinə göndərilmiş bir sıra təşəbbüsləri təqdim edib. Onların arasında silahlanmaya qarşılıqlı nəzarət mexanizmlərinin yaradılması, sərhəd insidentlərinin birgə araşdırılması sisteminin formalaşdırılması, hər iki ölkənin əraziləri vasitəsilə qarşılıqlı dəmir yolu əlaqəsinin təşkili var.
Paşinyan, həmçinin sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyaların konstruktiv fəaliyyətini və hərbi əsirlərin problemləri üzrə komissiyaların bu yaxınlarda keçirilən iclasını misal çəkib.
Baş nazir sonda vurğulayıb ki, regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur, əksinə, davamlı sülhün bərqərar olması üçün hər cür şərait yaradılıb. Onun sözlərinə görə, mərhələli eskalasiya siyasətindən əl çəkərək Ermənistanın yeganə alternativ hesab etdiyi institusional sülhün bərqərar olmasına keçmək lazımdır.
Qeyd edək ki, Ermənistanın sülhə hazır olması və müharibəyə hazırlaşmadığı barədə Paşinyanın iddialarının təhlili siyasi reallıqla uyğun gəlmir.
Paşinyan Praqa razılaşması ilə Almatı Bəyannaməsinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Bununla da, Ermənistanın Baş naziri başqa dövlətə qarşı növbəti dəfə təcavüzkar müharibə etmək niyyətində olmadığını göstərməyə çalışır. Halbuki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hələ rəsmən tanımayıb. Praqa Bəyannaməsi niyyət xarakterli sənəd hesab olunur və Ermənistan qarşısında hüquqi-konstitusion öhdəlik yaratmır. İkincisi, Ermənistan Azərbaycanın dörd anklav kəndini (Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Kərki) işğal altında saxlamaqla de-yure Praqa Bəyannaməsini pozub.
Paşinyan Almatı Bəyannaməsinə istinad etməklə yalnız keçmiş Azərbaycan SSR-in sərhədləri daxilində ərazi bütövlüyünü tanımağa hazır olduğuna işarə edir. Ermənistanın Baş naziri bununla da 1991-ci il Almatı Bəyannaməsi imzalanan zaman mövcud olan sərhədləri əsas götürməyin vacibliyinə dair mesaj verir.
Bu, həm də keçmiş Ermənistan SSR-in 1991-ci ildə mövcud olmuş sərhədlərinin Azərbaycan tərəfindən dövlət sərhədi kimi tanınmasının vacibliyini vurğulayır. Halbuki, Ermənistan Ali Soveti 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirmək barədə qərar qəbul etməklə Azərbaycanla mövcud olan inzibati sərhədləri ləğv edib.
Almatı Bəyannaməsi imzalananda Azərbaycanla Ermənistan arasında sərhəd xətti olmayıb. Ermənistan Almatı Bəyannaməsinin 3-cü bəndində əksini tapmış sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipindən imtina edib. Ona görə də Azərbaycanla Ermənistan arasında sərhədlər yenidən müəyyənləşməlidir.
Yalnız sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdıqdan sonra Paşinyan Ermənistanın ərazi bütövlüyündən danışa bilər. Almatı Bəyannaməsində 1991-ci ilə aid sərhədlərin əsas götürülməsinə dair hər hansı ifadə yoxdur. Həmin sənəddə yalnız “Sovet dövründə mövcud olmuş inzibati sərhədlər” ifadəsi var. Sovet dövrü isə 1920-ci ilin aprel ayından başlayaraq, 70 ildən artıq müddəti əhatə edir. Ona görə də delimitasiya və demarkasiya prosesində istənilən ilin xəritəsi əsas götürülə bilər.
Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyündən danışsa da, Ermənistan konstitusiyası bunun əksini göstərir. Ermənistan hökuməti konstitusiyanın preambulasında Azərbaycana qarşı ərazi iddiasının əks olunduğu Müstəqillik Bəyannaməsinə istinad hissəsini çıxartmaq üçün referendumun keçirlməsindən yayınır. Bu isə Praqa Bəyannaməsinin birbaşa pozulması deməkdir.
Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası başa çatmadan Paşinyan Ermənistan ərazisinin 29743 kv.km. olduğunu iddia edir. Halbuki, Praqa Bəyannaməsində Ermənistanın ərazi bütövlüyünün 29 min kv.km olduğu göstərilir. Sovet dövrünün son illərinə aid xəritələrdə bu göstəricinin 28743 kv.km olduğu qeyd edilir. Ona görə də Paşinyan 29000 rəqəminin səhv olduğunu etiraf edərək, 28743 kv.km-dən danışdı. İndi isə Ermənistan tərəfi yenidən saxtakarlığa əl ataraq ərazinin 29743 kv.km təşkil etdiyini bildirir. Bu yanaşmanın özü həm Praqa Bəyannaməsinə, həm də Paşinyanın sülh planına ziddir.
200 kv.km ərazinin Ermənistana aid olması barədə Paşinyanın dediklərinə gəlincə, bunun da hüquqi və siyasi əsası yoxdur. Birincisi, söhbət Laçın və Kəlbəcər istiqamətindəki yüksəkliklərdən gedir ki, həmin ərazilər sovet dövründə Azərbaycana məxsus olub. İşğal dövründə isə Ermənistan bu yüksəklilkləri qanunsuz olaraq ərazisinə qatıb. 2021 və 2022-ci illərdə keçirlən hərbi əməliyyatlar zamanı Azərbaycan sözügedən yüksəklikləri azad edib. İkincisi, sərhədlərin delimitasiyası yekunlaşmadığına görə Paşinyan bu ərazilərin Ermənistana aid olduğunu iddia edə bilməz.
Paşinyan həmin əraziləri sərhədlərin delimitasiyası çərçivəsində qaytarmaq istədiyini deməklə, dolayısı ilə 200 kv.km. ərazi uğrunda hərbi əməliyyatların altertnativ variant olduğuna eyham vurur. Bu isə Ermənistanın Azərbaycanla şərti sərhəddə, o cümlədən Kəlbəcər istiqamətində istehkamlar quraraq hərbi texnika cəmləməsinin məqsədlərinə aydınlıq gətirir.
Müşfiq Abdulla
“Cebheinfo.az”