Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini Heydərova Könül Yəhya qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, oğluna ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, qanunsuz olaraq imtina cavabı verilib:
“Mən, Heydərova Könül Yəhya qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Anam və uşağım xəstədir, aldığım pensiya heç yeməyimizi, iynə-dərmanlarımızı görmür. Bir neçə ay bundan qabaq oğlumun adından ünvanlı sosial yardım almaq üçün müraciət etdim. Qeyd edim ki, oğlum 3-cü qrup əlildir. Ona əlilliyə görə təyin edilən qrup düzgün verilməyib. Oğlumun səhhəti çox ağırdır, 2 gündən bir təcili yardım çağırırıq.
Qonşuluğumda yaşayan Adığözəlov Nübar Musa qızı, Həsənova İradə Şəmil qızı, Məmmədova Aybəniz Şahin qızı və Məmmədova Günay Çingiz qızının maşınları da var, amma onlar saxta yolla pensiya və sosial yardım alırlar. Adama təsir edən odur ki, maddi vəziyyətləri yaxşı olan vətəndaşlar pensiya, sosial yardım alır, imkansızlara verilmir.
Mən sizin sayt vasitəsilə Sahil Babayevə müraciət edirəm. İnsafın olsun, bir yoxla gör nə qədər adam saxta ünvanlı sosial yardım alır. Xahiş edirəm, vəziyyəti ağır vətəndaş kimi müraciətimi qeydə alın. Oğlum sağlam uşaq olsa, başqaları kimi işləyər. Hər gün ağırlaşan xəstə necə işləsin?! Və yaxud da, hörmətli nazir, mənim oğlumu hansı qurum işə götürər?!”
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətindən bildirdi ki, Tovuz rayon sakini Heydərova Könül Yahya qızının ünvanlı sosial yardımla bağlı müraciətinə ailə üzvü Məmmədov Emin Həmid oğlunun məşğulluğunun öz təsdiqini tapmaması səbəbilə imtina verilib. Sözügedən şəxsin məşğulluğu təmin olunduqdan sonra elektron qaydada yenidən müraciət edilərsə, ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna yenidən baxıla bilər.