Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Laçın rayon sakini Abduləzimov Rasim Hümbət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, pensiyasını qanunsuz yerə kəsiblər:
“Mən, Abduləzimov Rasim Hümbət oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Çox çətin və çarəsiz vəziyyətdəyəm. Ayağımın biri müharibə vaxtı zədə alıb, həmin gündən bu günə kimi işləmir.
2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyimi dayandırıb.
2015-ci ildən də vərəm xəstəliyim var. Bu qədər xəstəliyi olan adamın nazirlik pensiyasını kəsib ki, “sən sağlam adamsan”.
İynə-dərmansız bir günüm yoxdur. Nazirliyin əməkdaşları mənim qəsdimə durublar. Mənə və ailəmə işgəncə verirlər”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlanıldı. Nazirlikdən bildirildi ki, Laçın sakini Abduləzimov Rasim Hümbət oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən müxtəlif tarixlərdə bir neçə dəfə əyani baxış zamanı qiymətləndirilib:
“Hər bir müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.
Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib”.