
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib. Beləliklə də Azərbaycanda kommunal xidmətlərin qiymətləri artırılmışdı. Son qiymət artımlarını nəzərə alsaq 2025- ci ildə suyun, işığın və digər kommunal xidmətlərin qiymətlərində hansı dəyişikliklər ola bilər? Ümumilikdə kommunal xidmətlərin qiymətlərin artırılması ehtimalı varmı?
Mövzu ilə bağlı iqtisadçı - ekspert Akif Nəsirli Referans.az-a açıqlamasında bildirib ki, hökumət elan edir ki, 2024- cü ildə infliyasiya 2,2 faiz olub. Daha əvvəlki ildə isə təxminən 3 faizdən bir az çox olub. Əgər hökumət kommunal xidmətlərlə bağlı qiymətləri bahalaşdırmaq istəsə də bu mümkünsüz görünür. İqtisadi baxımdan gözləntilər belədir. Lakin elə xidmətlər var ki, o xidmətlərin qiymətləri hər il dəyişir. Əslində qiymətin tənzimlənməsi kimi qeyd edilənlər qiymətlərin artımıdır.
Ekspert onu da vurğulayıb ki, hökumət qiymətləri bahalaşdırmamaq üçün həmin xidmətləri özəlləşdirə bilər. Bazar iqtisadiyyatında qiymət artımını inhisarçılıqla artırmaq doğru deyil.
"Əgər hökumət görsə ki, əhali kommunal xidmətlərin artan qiymətindən əziyyət çəkir, o zaman hökumət həmin qurumlara ayırdığı dotasiyanı əhaliyə verməlidir. Bu da əhalini sosial-müdafiə cəhətdən qorumaqdır", - deyə ekspert əlavə edib.