
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə Bakıda “Rus evi”nin bağlanması və “Sputnik-Azərbaycan” agentliyinin ləğvi fonunda ölkələrin münasibətləri ilə bağlı sualı cavablandırarkən deyib ki, Azərbaycan “Rusiya ilə müttəfiqliyin vacibliyini anlayır” və Moskva “Bakının gələcək addımlarında bunu rəhbər tutacağını gözləyir”. Qaluzin əmin olduğunu bildirib ki, Bakı “Rusiya ilə Azərbaycan arasında müttəfiq əməkdaşlığın vacibliyini anlayır”. “Ümid etmək istərdim ki, azərbaycanlı tərəfdaşlarımız gələcək addımlarında münasibətlərimizin bütün spektri baxımından liderlərimizin razılaşmalarının yerinə yetirilməsinin müstəsna əhəmiyyətini dərk edərək rəhbər tutacaqlar”, - deyə o əlavə edib.
“Yeni Müsavat” qeyd edir ki, Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra münasibətlərdə gərginlik yaranıb. Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u yaralanıb. Ekipaj üzvləri də daxil olmaqla, onlardan 42-si Azərbaycan vətəndaşı olub. Nazir müavininin "Bakı Rusiya ilə müttəfiqliyin vacibliyini anlayır və gələcək addımlarında bunu rəhbər tutacağını gözləyir", “Ümid etmək istərdim ki, azərbaycanlı tərəfdaşlarımız gələcək addımlarında liderlərimizin razılaşmalarının yerinə yetirilməsinin müstəsna əhəmiyyətini dərk edərək rəhbər tutacaqlar” kimi mesajını necə oxuyaq?
Deputatın Elman Nəsirovun “Yeni Müsavat”a bildirdiyinə görə, 2022-ci ilin fevralından Bakı-Moskva münasibətləri öz xarakterinə görə fərqlənir: “Bu əlaqələr müttəfiqlik və qarşılıqlı fəaliyyətdən ibarətdir. Azərbaycan mehriban qonşuluq siyasətinə həmişə sədaqətli olub. Ancaq o demək deyil ki, milli maraqlarımıza ziddi proseslərə göz yummalıyıq. Azərbaycan ləyaqətli bir dövlətdir, heç bir ölkənin daxili işlərinə qarışmır, özünə münasibətdə də bunu tələb edir”. Onun fikrincə, Rusiya Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidir: “Bu məntiqlə yanaşdıqda "Rus evi" və “Sputnik Azərbaycan”ın bağlanması məhz qanun çərçivəsində atılan addındır. Yəni Rusiyaya qarşı addım kimi təqdim olunmalı deyil. Təəssüf ki, bəzi Rusiya telekanalları, mətbuat orqanları bunu Bakının Moskva əleyhinə hərəkəti kimi dəyərləndirir. Amma Rusiya ilə əlaqələrimiz yüksək səviyyədədir. Sadəcə, müttəfiqlik o anlama gəlmir ki, Rusiyanın daxili işlərimizə qarışmasına dözə bilərik". Deputat Qaluzinin çıxışını şərh edərək bildirir ki, bəli, Azərbaycan müttəfiqliyin vacibliyini anlayır: “Lakin müttəfiqliyə zidd olan addımlara təmkinli yanaşa bilmərik. Müttəfiqlik qarşılıqlı olmalıdır. Azərbaycan da Rusiyadan bərabərhüquqlu tərəfdaş kimi mövqe sərgiləməyini gözləyir”.
Siyasi ekspert Fuad Əliyev Rusiya-Azərbaycan münasibətlərinin indiki dövrünü periodik soyuqluq kimi qiymətləndirir. Onun qənaətinə görə, yaxın zamanlarda əlaqələrdə ilıqlaşma müşahidə ediləcək: “Rəsmi səviyyədə tərəflər ehtiyatlı çıxış edirlər. Siyasətçilər, ekspertlər, deputatlar, media nümayəndələri daha çox "qılıncları çəkiblər". Bir müddət sonra bu abı-hava dəyişəcək. Hazırda bildiyim qədər ikitərəfli diplomatik danışıqlar gedir və inanıram ki, anlaşılmazlıqlar tezliklə aradan qalxacaq. Bunun alternativi də yoxdur. Biz daimi qonşularıq və gərginliyin tempinin artması nə Bakı, nə Moskvaya sərf edir".
F.Əliyev Qaluzinin sözlərində iki məna axtarır: “Burada həm xatırlatma mesajı var, yəni 22 fevral sənədinə adekvat mövqe sərgilənməsi bizdən gözlənilir, həm də həssaslıq hiss olunur, Lavrovun müavini diplomat kimi danışıb. Hər halda, hansısa sənədi və ya öhdəliyi yadımıza salmağa ehtiyac yoxdur. Azərbaycan üzərinə düşən öhdəliklərə sadiqdir, qarşı tərəfin də həmin bəyannaməyə uyğun davranmasını istəyirik”.
Ekspert “Sputnik Azərbaycan”la bağlı verilən qərarı düzgün hesab edir: “Əvvəla, burada Rusiyaya demarş yoxdur. Bunu Kremldə yanlış qəbul edirlər. Söhbət Rusiyadakı ermənipərəst dairələrin Bakıda olan qol-qanadından gedir. Simonyan kimdir ki, onun burada mediası belə fəaliyyət göstərsin? Onun hansı çıxışlar etdiyini yaxşı bilirik. Ona görə də narahatlığa əsas görmürəm, Rusiya-Azərbaycan münasibətləri yaxşılaşmalıdır. Sadəcə, təyyarənin vurulması ilə bağlı gözləntilərimiz var, o tələblər yerinə yetirilməlidir ki, daha tez müddətdə münasibətlər düzəlsin”.
Yada salaq ki, “Rossiya Seqodnya”nın (Sputnik) Azərbaycan nümayəndəliyi ləğv edilib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. O bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Daha əvvəl isə Bakıdakı "Rus evi" fəaliyyətini dayandırıb və artıq yerləşdiyi binanı boşaldıb. Mediada bu mərkəzin “casus yuvası” olduğu haqda iddialar səslənib. Mərkəzi ofisi Moskva şəhərində yerləşən “Sputnik” İnformasiya Agentliyinə gəlincə, onu “Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselyov idarə edir. Onun müavini ermənilər arasında populyar jurnalist kimi tanınan Marqarita Simonyandır. “Sputnik Azərbaycan” 2015-ci il may ayının 25-dən fəaliyyət göstərir. Digər tərəfdən, “Sputnik”in Ermənistanda da redaksiyası mövcuddur. “Sputnik Armenia”da dərc olunan məqalə və xəbərlərə nəzər saldıqda, mətbuat orqanının açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxdığını görmək mümkündür. Nəzərə alsaq ki, bu media orqanı tamamilə Rusiya dövlət büdcəsindən maliyyələşir, deməli, Moskva ya “Sputnik”in ölkəmizə qarşı fəaliyyətini təşviq edir, ya da buna göz yumur. Təsadüfi deyil ki, 2016-cı ilin aprel döyüşləri zamanı “Sputnik”in Azərbaycan və erməni versiyaları demək olar ki, eyni mövqedən - Ermənistanın maraqlarından çıxış edirdi. Dekabrın 25-da Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə qəzaya uğradığı ilk saatlardan isə nəşr feyk xəbərlər paylaşdı. Dekabrın 26-da dərc olunan “Azərbaycan Hava Yolları”nın təyyarəsini HHM vasitələri vura bilməzdi - ekspertlər" sərlövhəli yazıda hadisənin baş vermə səbəbləri bilərəkdən və qəsdən təhrif olunur. Dekabrın 26-da dərc olunan “Ekspert təyyarə qəzasının baş vermə səbəbləri ilə bağlı ehtimalını açıqladı” adlı məqalədə isə qəzaya səbəb kimi qətiyyətlə quş dəstəsi ilə toqquşma versiyası önə sürülür. Halbuki hələ dekabrın 25-i axşam saatlarında təyyarənin üzərindəki dəliklərin əks olunduğu görüntülər üzə çıxmış, hadisə şahidləri həmin videoları Azərbaycan rəsmilərinə təqdim etmişdilər.