![İrəvanın “silahlara nəzarət edək” kələyi İrəvanın “silahlara nəzarət edək” kələyi](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739345226_0001.jpg)
Ermənistanın baş nazir Nikol Paşinyan ordusunu gücləndirəcəyini bəyan edir, Fransa və Hindistandan silah almasına haqq qazandırır. Üstəlik, artıq bir neçə dəfədir ki, rəsmi İrəvan təmsilçiləri “qarşılıqlı silahlanma nəzarəti mexanizmlərinin yaradılması” təklifini ortaya atır. Paşinyan əlavə edib ki, Ermənistan Azərbaycana qarşılıqlı silahlanma nəzarəti mexanizmlərinin yaradılması və sərhəd insidentlərinin birgə araşdırılması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu daşımalarının həyata keçirilməsi ilə bağlı yazılı təkliflər göndərib.
“Yeni Müsavat” qeyd edir ki, 44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan rəsmiləri Azərbaycana silahlara nəzarət mexanizmləri yaradılması haqda təklif verib. Lakin elə ilk açıqlamadan Moskva Ermənistanın baş nazirinin təklifinə kəskin reaksiya verib və onu “müxtəlif qeyri-adekvat təkliflər irəli sürmək” əvəzinə Rusiya ilə “düzgün münasibət qurmağa” çağırıb. Bəzi ekspertlərə görə, “silahlara nəzarət” təklifinə sərt reaksiya Rusiyanın Ermənistanın silah bazarını itirmək riskindən qaynaqlanır.
Kremlə yaxın çıxışları ilə tanınan sabiq senator Fransa Klintseviç Paşinyanın təşəbbüsünü “qeyri-adekvat” hesab edib, çünki Azərbaycan öz imkanlarına görə Ermənistanı üstələyir və şübhəsiz ki, bütün məlumatları İrəvana açıqlamaqda maraqlı deyil. Ermənistana gəldikdə isə ekspertin fikrincə, o, “özünə zərbə vurub. Rusiya ilə münasibətlər onun suverenliyinə təhlükə yaradır”. Lakin onun sözlərinə görə, “vəziyyəti düzəltmək hələ də mümkündür”. "Ermənistan üçün yeganə xilas yolu Rusiya ilə düzgün, dostluq münasibətləridir. Yalnız Rusiyaya güvənmək Ermənistanın sağ qalmasına kömək edə bilər", - Klintseviç bildirib. Rusiyalı siyasətçinin fikrincə, Ermənistan rəhbərliyi “Sem dayı”ya çox da güvənməməlidir. “Onlar Ermənistanı öz maraqlarına uyğun zamanda tərk edəcəklər. Son nəticədə hər şeyi itirəcək”.
Amma Bakının buna guya cavab verməməsi ilə bağlı iddialar tamamilə qeyri-səmimi və mənasız bir cəhddir. Özünü beynəlxalq aləmdə konstruktiv tərəf kimi təqdim etməyə çalışan Ermənistan 30 il ərzində bütün dünyanın gözü qarşısında Avropada çoxtərəfli adi silahlara nəzarət mexanizmlərini tapdalayan, Azərbaycan ərazilərini işğal edən, qoşun və silah yerləşdirən Ermənistanın hər hansı digər silahlara nəzarət mexanizminə necə “uyacağına” heç kim şübhə etmir. Ermənistan baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.
Bu azmış kimi, İrəvan silahlara nəzarət təklifi irəli sürməklə yanaşı, özü hücum silahlarını almağa davam edir. “Aero İndia” sərgisi çərçivəsində müdafiə nazirlərinin toplantısı zamanı Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistan Baş Qərargah rəisi general Anil Çauhanla qısa söhbət edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Hindistana işgüzar səfərə gedib. Hindistan Ermənistanın əsas silah tədarükçüsüdür.
Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanın təklifi həm reallıq hissini itirməkdən qaynaqlanır, həm də hiyləgərlikdir: “Paşinyan Azərbaycanı militarist siyasət yürütməkdə və ordu ilə təhdid etməkdə günahlandırır. Onun bu təklifi səsləndirməsinin məqsədi də Qərb ictimaiyyətinə göstərməkdir ki, guya Ermənistan sülhsevər, Azərbaycan isə hərbə-zorba ritorikası seçən tərəflərdir. Halbuki heç nəyi olmayan bu kiçik dövlətin iqtisadiyyatını yaxşılaşdırmaq əvəzinə, onun ordusunun reanimasiyadan çıxarılması üçün dəstək verilir. Bu da "Marşal planı"na bənzəyir. Yəni müharibədən məğlub çıxan ordunu dirçəltmək proqramı icra edilir. Ona görə də Avropa Sülh Fondu adı daşıyan qurum hərbi yardım üçün maliyyə dəstəyi verir, Fransa, Hindistan kimi ölkələr silahlandırır, hərgah, iqtisadi cəhətdən inkişafına dəstək vermək olardı. Nə üçün Ermənistan kimi cırtdan dövlətin ordusu bu qədər silahlandırılmalıdır? Odur ki, İsveçrə modeli seçilməlidir və Ermənistan demilitarizasiya olunmalıdır. Onun bu coğrafiyada gücü çatacaq ölkə yoxdur".
Hərbi ekspert silahlara nəzarəti mümkün saymır və bunu az qala hesabatlılıq kimi dəyərləndirir: “Belə çıxır ki, Azərbaycan hansı ölkədən nə silah alacaqsa, Ermənistanla məsləhətləşməlidir. Bizim belə bir öhdəliyimiz yoxdur. Bu təklifin ortaya atılması piar niyyəti güdür. Paşinyanın belə manevrləri çox olub. Azərbaycan Ordusu müasir silahlar almaqdadır, səbəb də sülh müqaviləsinin olmamasıdır. Bizim Ermənistanla yeni müharibə etmək planımız yoxdur. Azərbaycan suverenliyini bərpa edib və sülh sənədinin imzalanmasında maraqlıdır. Sadəcə, biz erməni kimi düşmənə güvənə bilmərik deyə yeni silahlarla ordunu gücləndiririk. Əgər sülh sazişi bağlansa, müdafiə xərclərini azaldaraq digər sahələrə vəsaitlərin ayrılmasını artıracağıq. Bunu da İrəvan anlamalıdır ki, sülhün alternativi yoxdursa, silahlanmanı dayandırmalıdır. Di gəl, Ermənistan təhlükəsizlik vektorunu genişləndirir. Dünənə qədər Rusiyadan pulsuz, ya da ucuz qiymətə silah alırdılar, indi üzlərini Qərbə çeviriblər. Papikyanın bir ayağı Dehlidə, Paşinyanın da bir ayağı Parisdədir. Elə bu marşrutun trayektoriyasını izləmək kifayətdir ki, Ermənistanın kələyini hesablaya biləsən”.
Xatırladaq ki, Ermənistanın builki müdafiə xərcləri 20% artaraq 665 milyard dram (1,713 milyard ABŞ dolları) həcmində müəyyənləşib. 2024-cü il iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. Beləliklə, İrəvan 200 milyon avro xərcləyərək 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edib. Fransa və Ermənistan arasında “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı gələcəkdə imzalanacaq müqaviləni nəzərə alsaq, silah alış-verişi üzrə müqavilələrin dəyəri 400 milyon avrodan çox olacaq. Bundan əlavə, Ermənistan artıq 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın bir nömrəli silah idxalçısına çevrilib. Həmçinin İrandan gizli silahlanma ilə bağlı məlumatlar da mövcuddur.