Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Hərbi cinayətlərdə ittiham olunan Araik Arutyunyan Gəncəni vurmaq qərarını vermədiyini, bu qərarı verməyə səlahiyyətinin belə çatmadığını məhkəmədə etiraf edib. O, 44 günlük müharibə zamanı Gəncənin vurulmasını özünün əmr etdiyi barədə yaydığı videonu yada salaraq, bu videonun çəkilmə səbəbi haqda istintaqa ifadəsində danışdığını bildirib. Eyni zamanda, bu hadisəyə görə Azərbaycan xalqından üzr istəyib. Ermənistan Baş naziri Nikol Paşinyan dolayısı ilə bu məsələyə toxunub. Baş nazir iddia edib ki, guya, regional gərginliyi qızışdırmağa yönəlmiş ifadələr almaq üçün bu insanlara qarşı psixikaya təsir edən "qadağan olunmuş narkotiklərdən istifadə olunur". Paşinyana görə, bu məhkəmə Ermənistana qarşı istifadə edilir. Ekspertlərə görə, bunu əslində, Paşinyanın etirafı da adlandırmaq olar. Çünki indi olduğu kimi, müharibə zamanı da Ermənistan silahlı qüvvələrinin ali baş komandanı Paşinyan olub.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın ittihamlarını cavabsız qoymayıb. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, bu iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür: “Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib. Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır. Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma "müstəqillik" münasibətilə təbrik etdiyini heç kim unutmayıb. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir”.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, N.Paşinyan ilk dəfədir ki, Qarabağda həbs edilən bu dəstə haqqında “müdafiə” xarakterli çıxış edib və “onları rəqibim hesab etmirəm” deyib. Ekspertin fikrincə, əslində, Araik Arutyunyan və digərlərinin həbs olunması və Xankəndidən İrəvana qayıtmaması indiyə qədər Paşinyana sərf edib:
"Çünki separatizmin ləğvindən sonra bu dəstənin Ermənistana qayıtması həmin vaxt hakimiyyətə qarşı etirazları fərqli məcraya yönəldə, daha təhlükəli edə bilərdi. Artıq bu təhlükə sıradan çıxıb və məhkəmənin getdiyi vaxt erməni ictimai rəyində hakimiyyətə qarşı ittihamlar intensivləşdiyi üçün Nikol bu dəstəni müdafiə etdiyini nümayiş etdirir. Hərçənd Paşinyanın iddialarının əsas səbəbi qorxularıdır, yəni bu dəstənin məhkəmədə verəcəyi ifadələr – etiraflarıdır. Bu etiraflar Paşinyan da daxil olmaqla Ermənistanı ittiham altına sala bilər. 44 günlük müharibə dövründə bütün əmrlər Paşinyan tərəfindən verilirdi, o cümlədən, Azərbaycan şəhərlərinin bombalanması.. Məhkəmə prosesində hər şey Araik Arutyunyan və digərləri tərəfindən etiraf edilsə, bu, Ermənistanın, birbaşa Nikol Paşinyanın hərbi cinayətlərini isbatlayacaq. Hətta məhkəmə prosesində Ermənistanın dəhşətli cinayətlərinə dair çoxsaylı faktların ortaya çıxması da gözləniləndir. Paşinyanın “qadağan olunmuş psixoaktiv maddələrlə” bağlı iddiası da məhz özünü sığortalamağa, Bakıdakı məhkəmə prosesinin və Ermənistanın hərbi cinayətləri ilə bağlı ortaya çıxacağı gözlənilən faktların legitimliyini şübhə altına almağa hesablanıb".