
Bakıda mağaza müdirinin "oğurluq etmə" sözünə əsəbləşərək 2 ədəd ümumi dəyəri 113.78 manat olan "Jack Daniels" markalı viski oğurlayan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü C.V. adlı şəxs Səbail rayonunda mağazaların birindən iki viski oğurladığına görə saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 227 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, C.V. eyni əmələ görə hadisəni törətməzdən 15 gün əvvəl həbsdən çıxıb. O, məhkəmədə ifadəsində deyib ki, hadisədən 15 gün əvvəl 23 günlük həbsdə yatıb. Həbsdən çıxdıqdan sonra 15 gün oğurluq etməyib. Lakin marketə gedərkən hər dəfə ona oğurluq etməməyi deyiblər. Sonuncu dəfə oğurluq etdiyi mağazasının sahibi ona bu sözü deyib. C.V. isə bu sözdən qıcıqlanıb və 2 viski oğurlayıb.
Məhkəmənin qərarı ilə, C.V. növbəti dəfə 2 ay müddətində inzibati həbs olunub.