Şəhid şəkillərinin avtomobillərin şüşələrinə yapışdırılması hər zaman müzakirə mövzusu olub. Bəs bununla bağlı konkret qaydalar varmı?
Məsələylə bağlı Bakıvaxtı.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputatı Razi Nurullayev bildirib ki, şəhid şəkillərini maşına vurub gəzmək, onların rəsmi olan paltar geyinmək ictimai məsələlərdir və insanların özünün verdiyi fərdi, şəxsi qərarıdır:
"Bu, qanunvericiliklə qadağan olunmayıb. Bununla bağlı kiməsə irad bildirmək, qadağa qoymaq həmin şəxslər tərəfindən də, cəmiyyət tərəfindən də yaxşı qarşılamaz. Ona görə də bu tip məsələlərə münasibət bildirmək çətindir”.
R.Nurullayev qeyd edib ki, şəhidin ailə üzvlərindən, qohumlarından kimsə bunu edirsə, ona nəsə demək doğru deyil:
“Amma kənar adamlar özünün maraqları üçün şəhidin adından, şəklindən istifadə edirsə, maşınına vurub yol polisinə təzyiq göstərmək istəyirsə, bu, qəbuledilməzdir. Bu məsələdə həmin şəhidin öz yaxınları, valideynləri etiraz etməlidir və çox güman ki, edirlər. Ümumilikdə onun yaxınları şəhidin şəklindən öz maşınında, evində istifadə edirsə, bu onların haqqıdır və heç kim onlara heç nə deyə bilməz”.