“İran ABŞ-nin sərhəd nəzarəti üzrə ekspertlərdən ibarət işçi qrupunun Ermənistana gözlənilən səfərindən narahatlığını ifadə etməyib”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovhannisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.
“Xarici işlər nazirinin müavini Vahan Kostanyan bu yaxınlarda Tehrana səfər edib. İranlı həmkarlarımızdan hər hansı narahatlıq hiss etdinizmi? Əksinə, əməkdaşlığın yüksək səviyyəsi bir daha nümayiş etdirildi. İranla, münasibətlərimizdə razılığa gəlmədiyimiz məsələ yoxdur”, - Ovhannisyan bildirib.
Nazir müavini bu əməkdaşlıq nəticəsində Rusiya sərhədçilərinin daha Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərini qorumayacağını istisna etməyib:
“Biz nəhayət, öz sərhədlərimizi özümüz qorumalıyıq. İdeal olaraq, hər bir ölkə öz sərhədlərinə nəzarət edə bilməlidir. Və bu yardım (Amerika işçi qrupunu nəzərdə tutur - red.) bizim imkanlarımızı artırmaq, müvafiq təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır”.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən Ermənistan-İran sərhədindəki Meqri sərhəd-keçid məntəqəsində növbətçilik tamamilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bölmələrinin üzərinə götürülüb.