Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zaman İrəvanın əleyhinə işləyir

Zaman İrəvanın əleyhinə işləyir


Bu gün, 14:00
Zaman İrəvanın əleyhinə işləyir
Ermənistan Baş naziri Nikol Paşinyanın ölkə vətəndaşlarına müraciəti və yeni konstitusiyasının qəbul edilməsindən danışması erməni ictimaiyyətində ciddi müzakirə mövzusuna çevrilib. Çünki baş nazir yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinin zəruri olduğunu bildirib. Ancaq Paşinyan referendumun vaxtını açıqlamayıb. Konstitusiyanın qəbulu ilə bağlı referendumun parlament seçkilərindən sonra keçirilməsi nəzərdə tutulub. Parlament seçkiləri isə 2026-cı ilə keçiriləcək. Eyni zamanda, Baş nazir Paşinyan xarici əlaqələri şaxələndirmək üçün Ermənistanın Milli Təhlükəsizlik Strategiyasına yenidən baxılmasını tapşırıb. Onun sözlərinə görə, 2020-ci il Strategiyası “mövcud çağırışlara cavab vermir”. Ümumiyyətlə, Paşinyan ziddiyyətli bəyanatlara baxmayaraq, Azərbaycan və Türkiyənin tələblərinin ödənilməsi istiqamətində əvvəlki kursunu saxlayır. Lakin bir sıra ekspertlərə görə, Paşinyan Azərbaycanın tələblərinin yerinə yetirilməsini “real” Ermənistan adlı qondarma fəlsəfəsinin arxasında gizlətməyə çalışır. Erməni politoloq Tiqran Vardanyan iddia edib ki, sülh sazişində razılaşdırılmayan iki bənd - dəhliz və Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.

Millət vəkili Rizvan Nəbiyev "Sherg.az"a açıqlamasında deyib ki, artıq Baş nazir Nikol Paşinyan, hökumət üzvləri və parlamentdə onu dəstəkləyən fraksiya da anlayır ki, regionda real sülhə nail olmaq üçün möhkəm hüquqi fundament lazımdır. Deputatın sözlərinə görə, daxili və xarici siyasətə məsul şəxslər də fərqindədirlər ki, Ermənistanı özlərinin yaratdığı hüquqi buxovdan azad etməlidirlər:

"Ermənistan Konstitusiyasında olan ərazi iddiası ölkənin həm daxilində, həm də xaricində inkişafını əngəlləyən, münasibətlər qurmasına maneçilik törədən əsas amillərdəndir. Bunu İrəvan hökuməti özləri də dərk edirlər və ermənisayağı gündəmə gətirirlər. Yəni bir tərəfdən sözügedən məsələni vurğulamaqla yanaşı, digər tərəfdən zaman məsələsini qabardırlar. Ermənistan ədliyyə nazirinin bu diskussiyaya qoşulması artıq məsələdə hüquqi məqamın ön plana çıxdığını göstərir. İndiyədək daha çox siyasilər bu barədə danışırdı. Konstitusiya dəyişikliyinin əsasında nə dayanır? Hələ sovet dövründə, 1 dekabr 1989-cu ildə Ermənistan Ali Soveti keçmiş "Dağlıq Qarabağ"la bağlı bir iclas keçirdi. Əvvəla, Ermənistanın belə bir iclas keçirməsi üçün konstitusion hüququ yox idi. Bu, sovet qanunlarının pozulması idi. Həmin iclasda qərara alındı ki, keçmiş "Dağlıq Qarabağ" və Ermənistan birləşir. Bundan 1 il sonra Ermənistanın dövlət müstəqilliyi barədə Bəyannaməni qəbul etdilər. Bəyannamədə həmin qərara istinad var. Halbuki, keçmiş "Dağlıq Qarabağ" hələ o zaman Azərbaycan SSRİ-nin ayrılmaz tərkib hissəsi idi. Ermənistan 1995-ci ilin iyul ayında öz Konstitusiyasını qəbul etdi. Konstitusiyanın Preambulasında Müstəqillik Aktında Bəyannaməyə istinad var. 2005-ci və 2015-ci ildə, yəni hər 10 ildən bir Ermənistan Konstitusiyasına müxtəlif dəyişikliklər edilsə də, Preambulanın hüquqi qüvvəsi olduğu kimi təsdiqləndi. Ona heç bir dəyişiklik edilmədi. Ötən ilin sentyabr-oktyabr ayında dövlət sərhədlərinin delimitasiyası haqqında müddəlar təsdiq olunarkən Ermənistan Konstitusiya Məhkəməsi bildirdi ki, Preambula Konstitusiyanın tərkib hissəsidir və orada sadalanan müddəalar da Ermənistan dövlətçiliyinin əsas prinsiplərini təşkil edir. Deməli, dolayısı ilə ərazi iddiasının hüquqi qüvvəsi bir daha təsdiq olundu. Azərbaycan təbii olaraq buna qarşı çıxır və mütləq dəyişdirilməsini tələb edir. Ermənistanın Azərbaycanın haqlı şərtlərini yerinə yetirməsi həm hüquqi zərurət, həm də siyasi tələbdir".

Parlamentari vurğulayıb ki, beynəlxalq aləmdə cərəyan edən, regiona təsir göstərən, o cümlədən Ermənistanın özünün xarici siyasətinə təsir edən amillər Paşinyanın bu cür bəyanatlar səsləndirməsində rol oynayır:
"Düzdür, Paşinyanın açıqlamaları ilə atılan əməli addımlar arasında ziddiyyətlər var. Məsələn, baş nazir sülhdən, kənar qüvvələrin müdaxiləsindən danışır, ancaq Aİ-nin "mülki missiyası bölgədədir, üstəlik, Ermənistan sürətlə silahlanır. Ancaq ən azından Paşinyan nəzəri olaraq problemi anlayır və qonşu ölkələrlə, ələlxüsus Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın zərurətini dərk edir. Ermənistanda dərsliklərdən tutmuş siyasi həyata qədər zəhərli ideologiya sirayət edib, ictimaiyyət bu zəhərli idelogiya ilə yetişir. Paşinyan özü də həmin zəhərli ideologiyanın məhsuludur. Sadəcə olaraq siyasi məsuliyyət və beynəlxalq aləmdə gedən proseslər baş naziri məcbur edir ki, ən azı nəzəri olaraq bu cür bəyanatlar səsləndirsin. Yenə deyirəm, baş nazir anlayır ki, regionda həqiqi sülhə nail olmaq üçün xarici müdaxilələrdən qurtulmaq lazımdır. Beynəlxalq aləmdə ikitərəfli, çoxtərəfli münasibətlərin inkişafı zərurətdir. Amma bu əlaqələr dominant təsiri bağışladıqda, həmin ölkənin məhvinə aparıb çıxarır. Paşinyan məhz bunu dilə gətirir və cəmiyyəti səsləyir. Reallıq odur ki, erməni cəmiyyətində türklərə, qonşulara qarşın nifrət ideologiyası hökm sürür. Həmin ideologiyanın məhsulları bugün hökumətdə də, parlamentdə də təmsil olunurlar. Paşinyan isə çalışır ki, erməniləri həmin buxovdan xilas etsin. Bu da zaman məsələsidir".

Geri qayıt