Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİRBu gün, 08:40 |
![]() Azərbaycan-Rusiya münasibətlərində soyuq rüzgarlar getdikcə güclənməkdədir. Səbəb sərnişin təyyarəmizi raketlə vuran Rusiya dövlətinin məsuliyyəti üstündən atması, özünü israrla təmizə çıxarmağa çalışması, üstəlik, bu ölkənin media məkanında ölkəmizə qarşı qərəzli və böhtan kampaniyasını davam etdirməsidir. Məlumdur ki, belə ədalətsiz mövqenin dəyişməyəcəyi təqdirdə rəsmi Bakı təyyarə ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət ünvanlayacağı haqda xəbərdarlıq edib. Bundan əlavə, paytaxtımızda hüquqi qeydiyyatı olmadan fəaliyyət göstərən, bədniyyətli işlərlə məşğul olan “Rus Evi”nin bağlanması ilə bağlı Azərbaycan XİN-i qarşı tərəfə nota təqdim edib. Vəziyyəti qaydaya salmaq üçün bir ay yarım vaxt verilib. Notaya cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Moskva Bakıda qeydiyyat məsələsini həll etməyə hazırdır. “Rusiya Bakıdakı Rus Mədəniyyət Mərkəzi ilə bağlı vəziyyətin sağlam şəkildə həll olunacağını gözləyir”, - Zaxarova bildirib. Bəs Moskva təyyarə faciəsi ilə bağlı həqiqətləri etiraf etməyə necə, hazırdırmı? Ümumiyyətlə, Rusiya Güney Qafqazda yeganə etibarlı tərəfdaşının haqlı tələbindən niyə qaçır? İkitərəfli münasibətlərdə gərginlik daha nə qədər və hara kimi sürə bilər? Rusiya atdığı “daşları” nə vaxt yığmağa başlayacaq? Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya vaxtında törətdiyi cinayəti boynuna alaraq zərər çəkənlərə təzminat ödəmiş olsaydı, hadisələr bu yerə gəlib çıxmazdı. Politoloqun fikrincə, gərginliyin yüksəlməsinə səbəb Moskvanın mövqeyinin dəyişməməsi və məsuliyyəti Milli Qəhrəmanlar olan pilotların üzərinə qoymasıdır: “Rosaviasiya”nın axırıncı bəyanatı ağ eləmək idi. Rusiya utanmaz şəkildə öz cinayətini ekipaj üzvlərinin üzərinə yıxır. Burada əsas narazılıq özünü bizə dost sayan Rusiyanın hələ də məsələni uzatmasıdır. Əgər bu davranış Makron Fransasından, yaxud İran rejimindən gəlsəydi başadüşülən idi. Sözsüz ki, Putin Rusiyası da onlardan fərqlənmir, əksinə, Ukraynada onminlərlə günahsız insanın qətlinə fərman verib, amma Moskva Bakını strateji müttəfiqi hesab edirsə, belə rəftar etməməli idi". Q.Hüseynlidə artıq inam yaranır ki, təkcə təyyarənin vurulması faktı deyil, Azərbaycanın Ukrayna və Suriya məsələlərindəki mövqeyi də Kremli narahat etdiyi üçün belə bir soyuqluq müşahidə olunur: “Azərbaycanın Türkiyə ilə yaxınlaşması, müstəqil addımları, Prezidentin beynəlxalq hüquqa söykənən prinsipial mövqeyi Rusiyanı görünür ki, çox da qane etmir. Moskva sözəbaxan Azərbaycan görmək istəyir, amma heç vaxt görməyəcək. Artıq Rusiya 2022-ci ildəki deyil”. Bununla yanaşı, professor münasibətlərin müəyyən mərhələdə yenidən düzələcəyinə əmindir: “Təbii ki, şimal qonşumuzla uzunmüddətli gərgin şəraitdə davam etmək istəmirik. Ancaq addım atan tərəf Kreml olmalıdır. Biz nə istəyirik? Təyyarəmizi vuranlar həbs edilsin və 38 ailənin kompensasiyası verilsin. Axı bundan əlavə tələbimiz yoxdur. Necə ki İran da səfirliyimizi terror edən şəxslə bağlı ilk vaxtlar başqa ssenarilər ortaya atmışdı, onu dəli çıxarmaq istəyirdilər, lakin cənab prezidentin qətiyyətli mövqeyindən çəkilmədiyini qəbul etdilər və həmin terrorçu edam ediləcək. Ona görə də Azərbaycan səfirliyin fəaliyyətini bərpa etdi. İndi Rusiya da təyyarəmizi vuran cinayətkarları və atəş əmri verənləri məsuliyyətə cəlb etsin, ondan sonra bu mövzu bağlanacaq. Eyni zamanda, ”Rus evi" ilə bağlı tələb edilən qaydalara əməl edilməlidir. Zaxarova da təsdiqlədi ki, qeydiyyat üçün addımlar atılacaq. Və təkcə bu mərkəz deyil, USAİD də Bakıda bağlandı. Yəni Rusiya hesab etməməlidir ki, Azərbaycan demarş edir, yaxud təyyarə hadisəsinin cavabını “Rus Evi” ilə verir. Qətiyyən, o zaman USAİD də bağlanmazdı. Bunlar bir-birindən ayrı mövzulardır". Politoloq Qazaxıstanın ilkin hesabatından sonra Rusiyanın reaksiyasını biabırçılıq sayır və hesab edir ki, beynəlxalq istintaq komissiyası qurulması mümkündür: “Azərbaycan istəmədi ki, məsələ beynəlxalq səviyyədə araşdırılsın. Biz hesab etdi ki, üç tərəf istintaq başladıb və regional səviyyədə həllini tapacaq. Lakin Rusiyanın davranışı bizi beynəlxalq komissiya yaradılması üçün təşəbbüs qaldırmağa məcbur edir. Yeri gəlmişkən, Böyük Britaniya bu istiqamətdə dəstək olacağını əvvəlcədən elan edib. Odur ki, Rusiya özü ölçüb-biçib nəticə çıxarmalıdır və Azərbaycanı itirmək istəmirsə, gözlədiyimiz münasibəti sərgiləməlidir”. Deputat Razi Nurullayev hesab edir ki, Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinin səbəbkarı qarşı tərəfdir. Onun sözlərinə görə, Rusiya təyyarənin vurulması ilə bağlı indiyə qədər hələ də konkret rəy bildirməyib və bu da onun özünü hegemon saymasından irəli gəlir: “O təyyarədə 300 nəfər də ola bilərdi. Ona görə bu hadisə bağışlanası məsələ deyil. İran Ukrayna təyyarəsini vurdu, amma sonra üzr istədi. Rusiya isə bunu etmir və Azərbaycana yuxarıdan aşağı baxmaq yanaşması qəbuledilməzdir. Üstəlik, Rusiya ölkəmizdə stabilliyin pozulması ilə bağlı bəzi addımlar atmaq niyyətində görünür. O baxımdan, ”Rus Evi"nin bağlanması bir işarədir. Yəni gizli görüşlər keçirilməsi, etnik zəmində hansısa addımlar atılması və s. Azərbaycan sabit, milli birliyi olan ölkədir. Ancaq bu milli birliyi pozmaq cəhdləri var". R.Nurullayev xatırladır ki, Rusiya həmişə qonşu ölkələrdə münaqişə ocaqları yaradır, sonra uzun illər bunun həlli ilə məşğul olur: “Sadəcə, həmin metodlar köhnədir və Azərbaycan buna getməyəcək. Onu da deməliyəm ki, Azərbaycan Rusiya ilə münasibətlərin pisləşməsinin də tərəfdarı deyil. İki ölkə arasında imzalanmış Moskva bəyannaməsinə əsasən, biz götürülən öhdəliklərə riayət edirik. Amma təyyarənin vurulmasından sonra Rusiyanın tutduğu mövqe, xüsusən rus mətbuatının bizə qarşı əsassız materialları münasibətləri kəskinləşdirib. Biz istəməzdik ki, məsələ məhkəmə səviyyəsinə qalxsın. Hələ də ümid edirik ki, qonşu dövlət Azərbaycanın tələblərini yerinə yetirəcək, kompensasiya ödəyəcək”. Siyasi ekspert İlyas Hüseynov isə bildirir ki, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməzsə, faktlar beynəlxalq məhkəməyə təqdim olunacaq: “Bu, Azərbaycanın suveren hüququdur və ölkə beynəlxalq münasibətlər sistemində müstəqil siyasətini davam etdirəcək. Azərbaycanın haqlı tələblərinə vaxtında və müfəssəl şəkildə cavab verilməsi məsələnin beynəlxalq məhkəmə instansiyalarına çıxarılmasının qarşısını almaq baxımından məqsədəuyğun hesab edilir”. Geri qayıt |