Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir

Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir


Bu gün, 02:00
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir
Məlum olduğu kimi Qusarda “Meşə qardaşları" adlı terror qruplaşmasına qarşı keçirilən tədbirlər nəticəsində rayonun Cibir kəndi yaxınlığında sığınacaqlar və saxlanc yerləri aşkar edilib. Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin əməliyyatla bağlı yaydığı birgə məlumatda deyilib ki, əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub.

Həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar. Məlumatda vurğulanıb ki, aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan materiallar, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb. Göründüyü kimi Azərbaycan dövlətinin öz qonşuları ilə quru sərhədləri bağlı saxlaması səbəbsiz deyil. Azərbaycanın təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri dövlət sərhədlərinin qorunması və ölkəyə qanunsuz keçidlərin qarşısının alınmasıdır. Prezidenti İlham Əliyev çıxışlarında bildirib ki, quru sərhədlərinin bağlı qalması ilk illər xüsusi karantin rejimi ilə bağlı olsa da, indi daha çox təhlükəsizliklə əlaqəlidir. Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. O, sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini gördüyünü deyib. Baş vermiş hadisə də göstərdi ki, radikal terrorçu qruplaşmalar müxtəlif yollarla ölkəyə sızmağa və öz fəaliyyətlərini həyata keçirməyə çalışırlar. Bu cür qruplaşmaların ölkəyə girişinin qarşısını almaq üçün quru sərhədlərinin bağlı saxlanması mühüm preventiv addımlardan biridir.

Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və onların qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində birgə kompleks tədbirlər görülməsi təhlükəsizliyimizin təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, “Meşə qardaşları" adlı terror qruplaşmasının Qusar rayonu ərazisində və digər şimal rayonlarımızda şəbəkələşməyə cəhd göstərməsi qanunvericiliyinə zidd addımlardır:

"DTX və DİN-in yüksək peşəkarlıqla həyata keçirdiyi birgə əməliyyat nəticəsində çökdürülən "Meşə qardaşları" adlı bu terror çətəsi kifayət qədər ciddi təhlükə mənbəyi idi. Bir tərəfdən İŞİD terror təşkilatına bağlı olan, digər tərəfdən isə Rusiyanın Dağıstan respublikasında "yuva" quran "Qafqaz xilafəti" adlı radikal-şəriətçi dəstələrin (camaatın) tərkibində yer alan islamçı-cihadçı "Meşə qardaşları" qrupu daha əvvəllər Dağıstanda və Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar və terror aktları təşkil edib, yerli əhali arasında vəhhabiliklə bağlı təbliğat və təşviqat işləri aparıb. Lakin Azərbaycan hüquq-mühafizə orqanlarının mərhələli şəkildə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bu qruplaşma tədricən neytrallaşdırılaraq sıradan çıxarılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin Qusar rayonunda uğurla həyata keçirdiyi birgə əməliyyat nəticəsində “Meşə qardaşları” terror qrupunun zərərsizləşdirilməsi ölkəmizin təhlükəsizliyi və sabitliyi üçün mühüm addımdır. Dövlətçiliyimizə təhdid yaradan heç bir qüvvə qanuni məsuliyyətdən yaxa qurtara bilməz. "Meşə qardaşları"na qoşulanların aqibəti terrorçuluğa, separatçılığa meylli olan hər kəsə dərs olmalıdır. Hazırda ədalət məhkəməsi qarşısında ifadə verən erməni separatçılarının da aqibəti bölücülük, milli və dini düşmənçilik niyyətləri ilə yaşayan bütün şəxslərə görk olmalıdır. Terrorçuluğa, separatçılığa qarşı barışmaz mövqeyimiz təhlükəsizliyimizin zəmanətidir. Dövlətimizin suverenliyini, ölkəmizin konstitusiya quruluşunu və milli maraqlarımızı hər cür təhdidlərdən qoruyan təhlükəsizlik orqanlarımızın fəaliyyətini yüksək qiymətləndiririk. Potensial təhdidlərin qarşısını operativ və yüksək peşəkarlıqla aldıqlarına görə görünən və görünməyən gerçək qəhrəmanlarımızla qürur duyuruq".
Geri qayıt