Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI...

5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI...


Bu gün, 09:26
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI...
“Respublika ərazisində yüzlərlə məktəb bərbad vəziyyətdədir. Onların çoxu 50, 70, 80, hətta 100 ildən də qədimdir. Uçuq, sökük, şəraitsiz məktəblərdə tədris davam edir. Bu problem mütəmadi olaraq mətbuatda və sosial şəbəkələrdə qaldırılsa da, konkret tədbirlər çox nadir hallarda görülür. Ən yaxşı halda yüzlərdən biri planlaşdırılır, yeni məktəb tikilməsi nəzərdə tutulur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq, təhsil eksperti Elçin Bayramlı deyib.

Mütəxəssis Azərbaycanın bəzi bölgələrində hələ də təmirdən uzaq qalan kənd məktəblərinin qaranlıq taleyi və Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən təhsil ocaqlarının təmir-bərpası üçün hər hansı bir maliyyə yardımının ayrılmamasının səbəblərindən söz açıb.

Mütəxəssis söyləyib ki, təhsil sektoru dövlət büdcəsində ən yüksək paya sahibdir:

“Təxminən hər il dövlət büdcəsindən buraya 5 milyard manat vəsait ayrılır. Lakin bu vəsaitlər effektiv şəkildə istifadə olunmur. Nazirlik və aidiyyəti qurumlar pulu təhsilin inkişafına yox, əksinə, mənasız layihələrə, eksperimentlərə və müxtəlif tədbirlərə yönəldir. Halbuki prioritet ilk növbədə təhsil şəraitinin yaxşılaşdırılması olmalıdır. Uçuq-sökük məktəblərdə keyfiyyətli təhsil mümkün deyil. Maraqlıdır ki, soyuq sinif otaqlarında ən əsas tədris resurslarından məhrum şagirdlərdən hansı nəticələri gözləmək olar?”

Ekspert söyləyib ki, problemin həlli üçün böyük maliyyə tələb olunmur:

“Məsələn, bəzi kəndlərdə modul tipli məktəblərin tikilməsi mümkündür. Bu tip məktəblər sərfəli və qısa müddətdə inşa edilə bilir. Bundan əlavə, bəzi məktəblərin hətta əsaslı təmirə ehtiyacı yoxdur, sadəcə döşəmə, tavan və istilik sisteminin yenilənməsi kifayətdir. Lakin bunlar belə həyata keçirilmir. Kürdəmir rayonunda istilik sistemi olmadığı üçün valideynlər övladlarını başqa məktəblərə aparır, uşaqlar uzaq məsafə qət etməyə məcbur olur. XXI əsrdə dövlət büdcəsindən milyardlarla vəsait ayrıldığı bir ölkədə belə bir vəziyyət qəbuledilməzdir”.

E. Bayramlının fikrincə, Bakı məktəbləri yüksək səviyyədə təmir edilir, bahalı tədris mərkəzləri inşa olunur:

“Lakin bölgələrdə vəziyyət acınacaqlıdır. Belə çıxır ki, rayonlar, kəndlər ikinci dərəcəli hesab edilir? Bölgələrdəki məktəblər və orada təhsil alan uşaqların taleyi bəs kimin vecinədir? İcra hakimiyyətləri və yerli təhsil idarələri məsuliyyətdən yayınmamalıdır. Hətta imkanlı şəxslər belə öz kəndlərinin məktəbini təmir etdirmək istəyir, lakin buna icazə verilmir. Niyə? Məqsəd nədir? Nazirlik açıq şəkildə cavab verməlidir ki, məktəblər niyə təmir olunmur; problemin həlli üçün nə vaxt konkret addımlar atılacaq və əgər vəsait çatışmırsa, ayrılan milyardlar hara gedir?”

“Bu sualların cavabı ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır. Cəmiyyət və media məsələni unutmamalı, davamlı olaraq gündəmdə saxlamalıdır. Yoxsa yenə illər keçəcək, eyni problemlər qalacaq və uşaqlar xarabalıq məktəblərdə oxumağa məcbur ediləcək. Elm və Təhsil Nazirliyi və yerli idarələr məsuliyyət daşıyır. Əgər bu sahədə ciddi irəliləyiş olmayacaqsa, o zaman açıq şəkildə etiraf edilməlidir ki, təhsil sistemi işləmək niyyətində deyil. Halbuki ən azı minimal şərait yaradılmalıdır, çünki bu, inkişaf etmiş dövlət anlayışına uyğun yeganə çıxış yoludur”, – deyə o, fikirlərini tamamlayıb.

Geri qayıt