Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Xəstə, yaşlı məhkumlar vaxtından tez əfv edilsə yaxşıdır
Əsas Səhifə > Güney Press, Partiya > Xəstə, yaşlı məhkumlar vaxtından tez əfv edilsə yaxşıdır

Xəstə, yaşlı məhkumlar vaxtından tez əfv edilsə yaxşıdır


Bu gün, 07:22
 Xəstə, yaşlı məhkumlar vaxtından tez əfv edilsə yaxşıdır
“Milli barışıq lazımdır, dövləti qorumaq vacibdir. Təkliflərimizin nəzərə alınması bu yolda atılan humanist addım olar”

Penitensiar Xidmət müəssisələrinə başçəkmələr zamanı istifadəyə yararlılıq müddəti bitmiş dərman vasitələri aşkar edilib, müəssisələrin tibbi-sanitariya hissələrinin qeydiyyat jurnallarında zəruri qeydlərin aparılmadığı və ya natamam aparıldığı müşahidə edilib. Bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb. Məruzədə bildirilib ki, bəzi müəssisələrdə dərman təminatının qənaətbəxş olmadığı, xüsusilə nevroloji xəstəliklərdən (epilepsiya, serebral iflic və digər), habelə İİVİQİÇS və şəkərli diabetdən əziyyət çəkənlər üçün dərmanların, ümumiyyətlə, verilmədiyi (2 və 5 saylı cəzaçəkmə müəssisələrində) müəyyən edilib: “Başçəkmələr zamanı bəzi müəssisələrdə dərman preparatlarının saxlanma qaydalarına riayət edilmədiyi, xüsusi soyuducuda saxlanılması zəruri olan dərmanların açıqda saxlanılması halları (5 saylı cəzaçəkmə müəssisəsi) aşkar edilib. Başçəkmə çərçivəsində həyata keçirilən qəbullar zamanı bəzi məhkumlar tibbi xidmətlərdən şikayət edib, həkim qəbuluna düşməyin çətin olduğunu, ümumiyyətlə, müayinə və müalicə olunmaqda çətinliklərlə üzləşdiklərini bildiriblər”.
Ombudsmanın hesabatının dinlənilməsi zamanı millət vəkilləri təkliflə çıxış ediblər. Millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev yaşlı, xəstə məhkumların əfvini təklif edib: “Yaşlı, xəstə məhbusların əfv edilməsini təklif edirəm. Məruzədə 65 yaşdan yuxarı və 25 ildən çox cəza çəkən şəxslərin əfvi məsələsinə toxunulsa, yaxşı olardı. Cəzaçəkmə müəssisələrindəki xəstə şəxslərin əfv olunması ilə bağlı məsələyə baxılmalıdır. Onların cəzaçəkmə müəssisəsində canını tapşırmasındansa, öz ailəsinin yanımda canını tapşırması yaxşı olardı”. Millət vəkili bildirib ki, tibbi sığorta ilə vətəndaşlara tətbiq edilən bütün imtiyazlar cəzaçəkən şəxslərə də aid edilməlidir.

İrəli sürülən təkliflə bağlı “Sherg.az”a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, xəstə, yaşlı məhbusların əfvi məsələsini daim gündəmdə saxlayırlar:
- Mən o iclasda iştirak edirdim və təkliflərimizi səsləndirdik. Ombudsmanın – Səbinə xanımın hesabatını diqqətlə dinlədim. Hesabat ətraflı hazırlanıb. Görünür ki, Ombudsman Aparatı rəhbərinin, əməkdaşların cəzaçəkmə müəssisələrində, istintaq təcridxanasında apardığı monitorinqlər, məhbuslarla görüşləri mövcud vəziyyəti tam aydınlığı ilə üzə çıxarmağa kömək edir. Biz hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şura üzvləri də müşahidələrini, məlumatlarını təqdim edirlər. Nəticədə real vəziyyət məlum olur. Xəstə məhbusların müalicəsi, demək olar, ailələrin hesabına başa gəlir. Amma dövlət hesabına, icbari tibbi sığorta hesabına təşkil edilməlidir. Təklif etdik ki, xəstə məhbuslar icbari tibbi sığortaya cəlb edilsin, həyati əhəmiyyətli dərman preparatları ilə təmin edilsinlər. Epilepsiya xəstəsi, serebral iflic xəstəsi məhbuslar, yaşlı məhbuslar vaxtından tez azad edilsə, yaxşıdır. Serebral iflic xəstəsini həbsxanada saxlamaq nəyə lazımdır?
N.Cəfəroğlu qeyd etdi ki, indiyədək də istər Əfv, istərsə də Amnistiya Aktı ilə bağlı müraciətlərdə yaşlı, xəstə məhbusların adlarını daim tərtib etdikləri və təqdim olunan siyahılara daxil ediblər:
- Əfv siyahısına biz siyasi motivlə tutulanları, “OMON”çuları, dindarları ayrı yazırıq, xəstə və yaşlı məhbusların adlarını da ayrıca yazırıq. Hansısa məhbusun cəzasının 2-3 il çəkilməyən hissəsi qalıbsa, cəzasının yarıdan çox hissəsini çəkibsə, onların da adlarını qeyd edirik. Təklif edirik ki, bu şəxslər amnistiyaya salınsın. Təklif edirik ki, saxlanılan, həbsdə olan jurnalistlər, blogerlər, siyasi motivlə həbs olunanlar buraxılsın. Və bu, milli barışığa səbəb olsun. Hamımız bilirik ki, Qarabağı azad etməyimizi həzm edə bilməyən qüvvələr, bizə düşmən mövqedə dayanan dövlətlər var. Onlar “siyasi məhbus” “jurnalistlər”in həbsini əllərində bayraq edərək dövlətimizə qarşı təzyiq göstərməyə çalışır, yalan, böhtan kampaniyası aparırlar. İnsan haqlarını bəhanə edib dövlətimiz, Azərbaycan əleyhinə aqressiv bəyanatlar verirlər. Bunun əsasında Azərbaycanın qələbəsi, suverenliyini, ərazi bütövlüyünü təmin etməsindən doğan qısqanclıq, qələbəmizi həzm edə bilməmələri dayanır. Onlar Vətən müharibəsində Zəfər çaldığımızı qəbul edə bilmirlər. Bu cür təşkil olunmuş, planlaşdırılmış hücumların qarşısını biz hamımız birgə almalıyıq, bunun üçün də milli barışıq lazımdır, dövləti qorumaq vacibdir. Təkliflərimizin nəzərə alınması bu yolda atılan humanist addım olar.
Geri qayıt