Əsas Səhifə > Güney Press > Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilibBu gün, 17:18 |
![]() Yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qurban Piriyev ifadə verib. O, ifadəsində bildirib ki, Azərbaycanda biznes qurmaq istəyib. Ona qarşı dələduzluq edən şəxsləri həmyerlisi, Hürü Əmiraslanovanın vasitəsilə tanıyıb, ümimilikdə 300 min dollar verib. Rasim İldırımzadəni “Pərviz”, Qoşqar Məmmədovu “Şahin Ələkbərov” kimi, Zaur Mirzəzadəni isə “Nihad” kimi tanıyıb: “Hürü deyirdi ki, mənim əlim çatan adamlar var, həmin adamların vasitəsilə biznes qurmaq olar. Çox yüksək vəzifəli şəxslərin adlarını çəkirdilər. Sonradan gördüm ki, hamısı qurma imiş”. Zərərçəkmiş ifadəsinin davamında deyib ki, icra başçısı təyin olunmaq məsələsi ilə bağlı təklif də onun deyil, qarşı tərəfin olub: ”Mənim səhhətim də belə vəzifədə işləməyə yol vermirdi. Mən pulları Qoşqarın göstərişi ilə Rasimə vermişəm. Bu işlərin başında dayanan Qoşqardı. Mənə bütün vədləri o verib”. Zərərçəkmiş sonda ona dəymiş ziyanın tam ödənilməsini istəyib: “105 min manat Rasim İldırım, 70 min manat Qoşqar Məmmədov, 10 min manat isə Zaur Mirzəzadə ödəyib. Mənim zərərimi tam ödəsinlər, şikayətçiyəm”. Məhkəmə prosesi martın 18-də davam edəcək. Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib. Geri qayıt |