Əsas Səhifə > Güney Press > Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi

Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi


Bu gün, 09:40
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan növbəti dəfə qalmaqallı fikirləri ilə gündəmə gəlib.
O, bir neçə gün öncə erməni diplomatları təhqir edib. "Sputnik Armeniya" məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanlasa da, XİN baş nazirin həyat yoldaşının diplomatlar barədə təhqiramiz ifadələrinə şərh verməkdən imtina edib.

Bir neçə gün öncə Akopyan sosial şəbəkələrdə erməni diplomatlarını böyük komplekslərə malik insanlar adlandırıb. Paşinyanın həyat yoldaşı ölkəsini təmsil edən diplomatları “özünə əmin olmayan, həmişə çaşqın vəziyyətdə hərəkət edən, aydın ideyası, konsepsiyası olmayan” kimi təsvir edib.

Bundan öncə Ermənistanın maliyyə naziri Vahe Hovanisyan da jurnalistlərin Akopyanla bağlı sualları qarşısında aciz qalmışdı. Jurnalistlərdən biri Parlamentdə ona "baş nazirin həyat yoldaşı hansı səbəbdən 134 min dollar dəyərində "Lexus LX 500" avtomobilində gəzir? Buna nə üçün ehtiyac duyulub?" soruşub. Nazir sualları cavablandırmaqda çətinlik çəkib.

Xatırladaq ki, Anna Akopyan bir neçə dəfə öz ölkəsi, milləti haqqında neqativ, amma reallığı əks etdirən fikirlər səsləndirib. O, iki il öncə aprel ayında Tavuşun Açarkut kəndində 44 günlük müharibə zamanı öldürülmüş David Şahnazaryana həsr olunmuş tədbirdə çıxışı zamanı da gündəmə gəlmişdi. Baş nazirin həyat yoldaşının həmin vaxt fərarilərlə bağlı qalmaqallı açıqlama verməsi onun sosial mediada kütləvi şəkildə təhqir olunmasına səbəb oldu.
“44 günlük müharibə zamanı 11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit”, - baş nazirin həyar yoldaşı qeyd edib.

AzVision.az

Geri qayıt