Əsas Səhifə > Güney Press > “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?”

“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?”


Bu gün, 17:07
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?”
Bakının Sabunçu rayonu ərazisində 22-23 fevral tarixlərində ümumilikdə 15 nəfər spirtdən zəhərlənərək həyatını itirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd olunub ki, həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında spirtli içkilər üzrə ekspert, professor Vüqar Mikayılov bildirib ki, mahiyyət düzgün axtarılmalıdır. Professor qeyd edib ki, bir insan 700 qram arağı içib sərxoş ola bilər, ancaq ölməz:

“Mən zavodda işləmirəm ki, istehsalçının tərəfini saxlayım. Amma bir litr buğda spirtinin qiyməti 2.50 AZN-dir və hər yerdə satılır.

Onun bir litrindən 5 şüşə araq çıxır və bu da hər litr üçün 50 qəpik maya dəyəridir. İstəsələr, gedib onu alıb içərlər. Niyə texniki spirt içirlər ki? Deməli, bu, spirt deyil, başqa şeydir. Bu gün universitetdə biz texniki spirt yox, buğda spirti işlədirik. Camaat dəlidir ki, texniki spirt içsin? Texniki spirt içməli deyil ,zəhər kimi olur.

Bir məhsulun ki, maya dəyəri 50 qəpik ola, 4-5 manata bir butulka araq satırlar. İndiki dövrdə kim gedib başqa şey alıb içər? Analiz olunmalıdır ki, bu hadisə spirtin nəyindən olub. Onu axtarıb tapmaq isə çətindir”.

Ekspertin sözlərinə görə, spirtdən zəhərlənmə dərəcəsi var:

“Bir adam spirtdən zəhərlənməsi üçün təqribən bir litrdən artıq araq içməlidir. Hələ zəhərlənməmişdən qabaq qusma, yerə uzanma, yıxılma olur. Zəhərlənən insan yerə uzanmalı və bağırmalı idi. Bunu görən olub? Onların hərəsi 2 litr araq içib? Yəni bu ölənlərin hamısı sərxoş olub? Mənim bu məsələdə spirt qəti ağlıma batmır. Çünki o qədər zəhərlənmə halları var.

Adicə göbələkdən, ət-kolbasadan zəhərlənmə və s.

daha yayğındır. Kolbasadan, ət yeməklərindən, məsələn, toyuq ətindən zəhərlənmə daha çoxdur, nəinki spirtdən. Məsələn, metil spirtinin yarım qədəhini içsən, həmin dəqiqə ölərsən. Etil isə elə deyil. Onda tut və zoğal arağı içənləri hamısı ölməlidir? Düşünülür ki, donmamaq üçün istifadə ediblər. Ona qalsa, alkoqollu hər şey adamı isindirir. İsti çay da, kofe də adamı isindirir. Burda başqa nüansları araşdırmaq lazımdır. Məsələn, yeməyini və s”.

Vüqar Mikayılov bildirib ki, hadisə dəqiq araşdırılmalıdır:

“Arağı, spirti hamı istehsal edir. Əvvəllər araq həmişə pullu iş olub, yaxşı qazanıblar. Bu gün isə araqdan qalan gəlir demək olar sıfırdır. Təmizlənməmiş şəkildə spirt aptekdə satılır, onu ən “alkaş” da alıb içməz. Mağazada 5- 6 manata spirt doludur. Elə gedib 5 manat verib araq alıb içər. Əgər aptekdən alınıbsa, o spirtin də istehsalçısı var, onu araşdırsınlar. Demək istədiyim odur ki, əgər spirtdən olubsa, gərək heç olmasa biri ölməyəydi”.

Geri qayıt