Əsas Səhifə > Güney Press > İran-Azərbaycan əlaqələrində problemlər davam edəcək
İran-Azərbaycan əlaqələrində problemlər davam edəcəkDünən, 11:07 |
![]() Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bagir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı iki ölkənin xalqlarının ortaq tarixi, mədəni və dini köklərinin olduğunu, xalqlarımızın yaxınlığını vurğulayıb. Son dövrlərdə Azərbaycanla İran arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasını məmnunluqla qeyd edən prezident bunu əlaqələrin dinamik surətdə inkişafının təzahürü kimi qiymətləndirib. Ölkə rəhbəri ölkələrimizin parlamentlərarası əlaqələrinin genişləndiyini qeyd edib. Qonağın Azərbaycana səfərinin bu əlaqələrin daha da inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib. Prezident iqtisadi-ticari, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə də toxunub. Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayan dövlət başçısı bu dəhlizin Azərbaycana aid olan hissəsində yükdaşıma imkanlarının artırılması üçün ölkəmiz tərəfindən zəruri işlərin görüldüyünü deyib. Ölkə rəhbəri Ağbənd keçidinin inşası istiqamətində fəaliyyətin intensiv şəkildə həyata keçirildiyini və bu layihənin regionun nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini qeyd edib. Prezident regional məsələlərin region ölkələri tərəfindən həll edilməli və bölgədənkənar qüvvələrin regiona müdaxiləsinin qəbuledilməz olduğunu deyib, 3+3 formatının əhəmiyyətini vurğulayıb. Məhəmməd Bagir Qalibaf da iki ölkə arasında səfərlərin intensiv xarakter daşımasından məmnunluğunu diqqətə çatdırıb. Azərbaycan ilə İran arasında iqtisadiyyat, ticarət, elm, texnologiya, səhiyyə sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün çox yaxşı imkanların olduğunu vurğulayan qonaq bu xüsusda hökumətlərarası komissiyanın işinin daha da intensivləşdirilməsinin vacibliyinə toxunub. Ölkəsinin Azərbaycanla birlikdə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında ortaq maraqları bölüşdüyünü deyən qonaq rəsmi İranın regionun məsələlərinin region ölkələri tərəfindən həll edilməsi yanaşmasını dəstəklədiyini bildirib. Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, bir müddət əvvəl prezidentin köməkçisi Hikmət Hacıyev də İranda olub və ikitərəfli əlaqələrin inkişafı istiqamətində danışıqlar aparılıb: "Sonra İrana səfər edən Baş nazir Əli Əsədov Prezident Məsud Pezeşkian tərəfindən yüksək səviyyədə qarşılandı. Yəni əlaqələrin inkişafı yönündə addımlar atılır, səfərlər intensivləşir. Amma İranın mühafizəkar dairəsi - SEPAH anti-Azərbaycan siyasətini davam etdirir. Azərbaycana qarşı hibrid və informasiya müharibəsini sürdürürlər. SEPAH məhz ölkəmizə qarşı "Hüseyniyyun" terror təşkilatı yaradıb. Bu şəbəkə ölkəmizdəki bəzi KİV-lərə haker hücumları edir. Əfsuslar ki, Tehran rejimi sözdə əməkdaşlıqdan danışsa da, praktiki olaraq Azərbaycana qarşı total təxribatlardan əl çəkmir. İran-Azərbaycan əlaqələrində problemlər davam edəcək. Çünki Azərbaycanın apardığı sülh və təhlükəsizlik siyasəti, regional siyasi dəyişikliklər Tehranı narahat edir. Ancaq Azərbaycan İranın əl-qolunu bağlayıb, onun təsir və təzyiq imkanlarını neytrallaşdırıb. Hər halda Tehranla onun başa düşdüyü dildə danışmaq lazımdır". Geri qayıt |