Əsas Səhifə > Güney Press > Azərbaycanda insan gec yetişir...
Azərbaycanda insan gec yetişir...Bu gün, 09:49 |
Azərbaycanda insan gec yetişir. Ümumiyyətlə, islam coğrafiyasında insanın yetişməsi üçün şərait münbit deyil. Çünki islam inzibati bir dindir. Bizdə bunun üstünə bir də kommunist inzibatilik əlavə olunub. İslamın inzibati rejimindən çıxıb kommunizmin inzibati rejiminə düşmüşük. Hətta estetik zövqümüzü belə bu inzibatilyin senzurası formalaşdırıb. Park kolları kimi dördküncük. Kollardan biri qol-budaq atan kimi bu senzuranın tərbiyəsində böyümüş cəmiyyət hər tərəfdən tökülüşüb onu budayır. Estetik zövq gec formalaşan intellektual bir dəyərdir. Bir şairin, bir rəssamın gələcəkdə başa düşülməsi onun gələcəkdə yaşadığına dəlalət etmir, müasirlərinin zövqünün keçmişdə yubandığına dəlalət edir. Azərbaycanda insan öz ömrünün böyük bir hissəsini keçmişdə yubanmağa xərcləyir. Məsələn, sən bir müsiqiçisənsə, səsinin, ifanın ən enerjili çağlarını özündən əvvəlkilərin feyziyabına həsr etməlisən. Bir şairsənsə ilhamının ən gur dövrünü Füzulinin keşiyini çəkməklə keçirməlisən. Bir filosofsansa zəkanın ən dəli çağlarını Şərq müdrikliyinin qapısını süpürməklə yola verməlisən. İctimai sərmayə də keçmişdə yubananlara qoyulduğu üçün bir müddətdən sonra gələcəyə qaçıb ac qalanlar da geri dönür. Yetişmə prosesi kallığa dövrü geri çevrilir. Fikir vermişəm, harda ki, özünü yetişkin kimi aparırsan, hamı nifrət edir, harda ki, özünü kallığa vurursan, hamının əziz-giramisi olursan. Aqşin YENİSEY - "DİA-AZ" Geri qayıt |