Əsas Səhifə > Güney Press > İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi

İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi


Bu gün, 07:34
İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi
Ermənistanda Baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı etirazların yenidən başlayacağı gözlənilir. Belə ki, müxalif arxiyepiskop Baqrat Qalstanyan, eləcə də erməni ictimaiyyətinin sözünə etimad etdiyi bəzi siyasətçilər, ekspertlər xalqı hakimiyyət əleyhinə təşkilatlanmağa çağırırlar. Diqqətçəkən məqam son aylarda Paşinyanın ölkə üzrə reytinqinin də kəskin azalmasıdır.

Belə bir məqamda Ermənistanda Paşinyan iqtidarının devrilməsi mümkündürmü?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Baqrat Qalstanyanın təşkil etdiyi aksiyaların nəticə vermədiyi bəllidir:

“Təcrübə göstərir ki, Ermənistan daxilində Paşinyan əleyhinə olan qüvvələrin imkanları məhduddur. Onların arxasında Rusiyanın dəstəklədiyi Robert Köçəryan, Serj Sərkisyan dayanır. Bunu açıq şəkildə bildirirlər. Müəyyən zaman aralığında Paşinyana təzyiqlər etməyə çalışırlar”.

Politoloq bildirib ki, Ermənistan müxalifəti əvvəllər daha böyük gücə malik idi:

“Həqiqətən də, onların imkanı var idi ki, nəyəsə nail olsunlar. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Bu aksiyaların Paşinyan hakimiyyətini devirəcəyini düşünmək olmaz. Ölkədəki müxalif qüvvələr bu prosesi təkbaşına yerinə yetirə bilməyəcəklər. Əgər xarici qüvvələr Paşinyanın devrilməsində maraqlı olarsa, bu zaman hansısa effektiv nəticə əldə edilməsi mümkündür”.
Geri qayıt