Əsas Səhifə > Güney Press > Yenə riyakarlıq
Yenə riyakarlıqDünən, 14:02 |
![]() Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda keçirilən V Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində çıxışı zamanı növbəti dəfə riyakarlıq edib. Deyib bildirib ki, “siyasi və etnik fərqliliklərə baxmayaraq, Cənubi Qafqazda dini dözümlülük və hörmətlə bağlı yaxşı ənənə var və bu, regionda davamlı sülh və sabitliyi daha real edir”. Paşinyan belə bir bəyanat verməzdən əvvəl Dövlət Departamentinin 2024-cü ilin yayında dərc olunmuş Ermənistanda dini etiqad azadlığının vəziyyəti ilə bağlı hesabatını oxumalıdır. Bu sənəd İrəvandakı yeganə sinaqoqun təhqir olunması hallarını əks etdirir ki, bu da erməni cəmiyyətində antisemitizmin mövcudluğunu açıq şəkildə nümayiş etdirir. Hələ 2006-cı ildə naməlum şəxslər İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəni təhqir etmişdilər. Naməlum silahlılar abidənin üzərinə qırmızı boya ilə svastika çəkərək, erməni dilində “Yəhudiyə ölüm” yazıblar. Holokost qurbanlarının xatirəsinin bu cür təhqir olunması yeganə hal olmayıb və sonrakı illərdə onlar vaxtaşırı təkrarlanırdı. ABŞ-ın Antidiffamasiya Liqasının məlumatına görə, Nikol Paşinyan hakimiyyətə gələndən bəri Ermənistanda antisemitizm səviyyəsi nəinki azalmayıb, hətta artıb. Ermənistanda 2021-ci ildə Antidiffamasiya Liqasının sorğusuna əsasən, respondentlərin 68%-i yəhudilərin vətəndaşı olduqları ölkələrə nisbətən İsrailə daha sadiq olduqlarını bildirib. 2022-ci ilin fevralında isə İrəvan Yazıçılar Evində Romen Episkoposyanın erməni və rus dillərində çap olunmuş “Milli sistem” kitabının təqdimatı keçirilib. Bu kitabda türklər “qatil millət”, yəhudilər isə “dağıdıcı millət” adlanır. Müəllif “XX əsrin ən böyük saxtakarlığı” fəslində “Holokost bir mifdir” deyə geniş iddia ilə çıxış edir. Bundan əlavə, Ermənistanda yezidilərin hüquqları sistematik şəkildə pozulur, bunu 2020-ci ildə İraqın “Yezidis.info” nəşrinə müsahibəsində, sonradan etnik nifrətin qızışdırıcısı kimi qələmə verilən hüquq müdafiəçisi Saşik Sultanyan bildirib. Yeri gəlmişkən, elə həmin il ABŞ Dövlət Departamenti Ermənistandakı dini azlıqlarla bağlı hesabat dərc edib və bu hesabatda xüsusilə qeyd olunub ki, yezidilər uzun onilliklər ərzində erməni çoxluğun ayrı-seçkiliyi ilə üzləşiblər. Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşən “Sputnik” xəbər agentliyinin Ermənistan bölməsi Paşinyanın çıxışına toxunub. Maraqlıdır ki, agentlik Ermənistanın özündə dini vəziyyətlə bağlı daxili vəziyyətə toxunmur, lakin Baş nazirin “xristian irsinin qorunub saxlanması problemi” ilə bağlı səssiz qaldığını vurğulayır və qeyd edir ki, “Qarabağda məbədlərin məscidə çevrilməsi fəal templə davam edir”. Bununla da “Sputnik Ermənistan” erməni cəmiyyəti arasında revanşist əhval-ruhiyyəni gücləndirməkdə davam edir. İnsanda belə bir təəssürat yaranır ki, “Sputnik Ermənistan” Rusiya mediası deyil, əsas funksiyası Azərbaycana qarşı informasiya müharibəsi aparmaq olan erməni nəşridir. Bu hal bir çox suallar doğurur, əsas sual budur: Rusiyanın dövlət büdcəsindən maliyyələşən “Russia Today” Beynəlxalq İnformasiya Agentliyinin Ermənistan nümayəndəliyi olan “Sputnik Ermənistan” niyə millətlərarası ədavət toxumu səpir? “Rossiya Seqodnya” agentliyinin baş redaktorunun Kremlin təbliğatçısı Marqarita Simonyanın Azərbaycana nifrətini gizlətməməsi bunun tamamilə əsaslı izahı ola bilər. AYNA.az Geri qayıt |