
Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilmiş şöbə müdiri Dürdanə Əliyevanın kassasiya şikayətinə baxılıb.
Teleqraf xəbər verir ki, Ali Məhkəmə Dürdanə Əliyeva barəsində son qərarını açıqlayıb.
Məhkəmə xanım müttəhimin cinayətinə münasibətdə çıxarılmış əvvəlki qərarı qanuna uyğun hesab edib. Bu əsasla hər hansı güzəşt tətbiq edilməyib.
Yekun qərarla Dürdanə Əliyeva haqda 6 il həbs cəzası qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dürdanə Əliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.
Dürdanə Əliyevanın barəsində başqa yerə getəmək qətimkan tədbiri dəyişdirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.
İttihama görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə zərərçəkmiş qismində Bakı Slavyan Universiteti tanınıb.